
Ruhiyyə Mehdiyeva: "Azərbaycanın təhsil sistemində "qara qızılın insan kapitalına çevrilməsi" strategiyası əsasında mühüm islahatlar həyata keçirilib"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasəti kompleks xarakter daşıyır və daxili sabitliyin qorunması, milli maraqları özündə əks etdirən balanslaşdırılmış xarici siyasət, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində qurulub. Başqa sözlə, onun fəaliyyəti ölkənin həm daxili, həm xarici siyasətində, eyni zamanda iqtisadi və hərbi sahələrdə mühüm mərhələləri əhatə edir. Məhz bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına əsaslanır.
Newscenter.az xəbər verir ki, bunları "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva deyib. O bildirib ki, İlham Əliyevin fəaliyyətinin ən mühüm zirvəsi 2020-ci ildəki 44 günlük Vətən Müharibəsidir:
"Belə ki, Ali Baş Komandan olaraq onun rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi".
İctimai birlik təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın təhsil sistemində "qara qızılın insan kapitalına çevrilməsi" strategiyası əsasında mühüm islahatlar həyata keçirilib:
"Bu yeniliklər həm qanunvericilik, həm infrastruktur, həm də təhsilin məzmunu baxımından genişmiqyaslıdır. Belə ki, “İnfrastrukturun yenilənməsi və "Yeni məktəb" modeli”, “Beynəlxalq təhsil və insan kapitalının inkişafı”, “Təhsilin məzmunu və rəqəmsallaşma”, “Müəllimlərin peşəkarlığı və sosial müdafiəsi”, “Ali və peşə təhsilində yeniliklər” kimi proqram və layihələri bu sıraya aid etmək olar. Beynəlxalq təhsil və insan kapitalının inkişafı istiqamətində islahatlar həyata keçirilib. Azərbaycan gənclərinin dünya standartlarına uyğun biliklərə yiyələnməsi üçün xüsusi dövlət proqramları qəbul edilib və icra edilir. “Xaricdə təhsil proqramları”, “İkili diplom proqramları” çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alır. Eləcə də, yerli universitetlərin xarici ali məktəblərlə birgə proqramları (məsələn, ADA Universiteti, AzTU və s. bazasında) genişləndirilib".
Şeyda











































