Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkil adından istifadə hansı inzibati məsuliyyət yaradır?

Vəkil adından istifadə hansı inzibati məsuliyyət yaradır?


“Mövcud qanunvericiliyin tələblərinə əsasən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada vəkil statusu əldə etməmiş şəxsin gəlir əldə etmək məqsədilə özünü vəkil kimi təqdim etməsi və ya “vəkil” adından istifadə etməsi inzibati məsuliyyət yaradır. Bu hal hüquqi yardım bazarında çaşqınlığın qarşısının alınmasına, vətəndaşların aldadılmamasına və vəkillik institutunun nüfuzunun qorunmasına xidmət edir”.

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, qanunvericiliyə görə, belə qanun pozuntusuna yol verən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilirlər:

“Hazırlanan layihə isə bu məsuliyyət mexanizmini daha da dəqiqləşdirir və tətbiq sahəsini genişləndirir. Layihəyə əsasən, yalnız rəsmi vəkil statusu deyil, eyni zamanda Vəkillər Kollegiyasının üzvlüyü də əsas meyar kimi müəyyən edilir. Belə ki, Kollegiyanın üzvü olmayan şəxsin gəlir əldə etmək məqsədilə özünə münasibətdə, yaxud rəhbərlik etdiyi təşkilatın adında “vəkil” sözündən, bu sözün daxil olduğu ifadələrdən, eləcə də “vəkil” sözünün başqa dillərə tərcümələrindən (məsələn, “advokat”, “lawyer”, “attorney” və s.) istifadə etməsi inzibati xəta hesab olunacaq”.
Əli İbrahimov hesab edir ki, bu yanaşma ilə qanunverici faktiki olaraq vəkillik fəaliyyəti ilə məşğul olmayan, lakin ad və ya titul vasitəsilə özünü hüquqi yardım göstərən peşəkar kimi təqdim edən şəxslərin qarşısını almağı hədəfləyir:

“Çünki belə hallarda vətəndaşlar real hüquqi statusu olmayan şəxslərə etibar edə, nəticədə hüquqlarının lazımi səviyyədə qorunmaması ilə üzləşə bilərlər.

Layihədə nəzərdə tutulan cərimə məbləğləri mövcud qaydalarla eyni saxlanılır: fiziki şəxslər üçün 200 manatdan 300 manatadək, vəzifəli şəxslər üçün isə 600 manatdan 800 manatadək. Bununla belə, tənzimləmənin mahiyyəti ondan ibarətdir ki, yalnız birbaşa “vəkil” adından istifadə deyil, bu adın dolayı formada, o cümlədən xarici dildə və ya təşkilat adlarında işlədilməsi də məsuliyyətə cəlb olunacaq.

Nəticə etibarilə, bu dəyişiklik vəkillik institutunun peşəkar və hüquqi çərçivədə fəaliyyət göstərməsini gücləndirməyə, vətəndaşların hüquqi yardımdan istifadə edərkən yanılma riskini azaltmağa və hüquqi xidmətlər bazarında şəffaflığı təmin etməyə yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər”.

Süleyman
Xəbəri paylaş