
Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Newscenter.az AZƏRTAC-a istinadən xəbər verir ki, məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.
XXX
Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində "Azərbaycan otağı" ilə tanış olub.
Tanışlıq zamanı "Azərbaycan otağı"nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib.
Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan, BMT-nin Cenevrə ofisində "Azərbaycan otağı" ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.
Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində "Azərbaycan otağı" Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.
"Azərbaycan otağı"nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.










































