
"Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarındakı çıxışı Azərbaycanın enerji strategiyasının təkamülünü nümayiş etdirir. Bu çıxış həm cari nəticələrin hesabatı, həm də gələcək onillik üçün yol xəritəsidir.
Son illərdə qlobal enerji bazarında yaşanan silkələnmələr fonunda enerji təhlükəsizliyi artıq iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsinə çevrilib. Prezidentin vurğuladığı kimi, məhz birlikdə toplaşmaq və problemləri müzakirə yolu ilə həll etmək bu gün daha həyati əhəmiyyət daşıyır. On iki il əvvəl əsası qoyulan platforma indi siyasi və iqtisadi koordinasiya mexanizminə çevrilib".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi və Avropa İttifaqının 10 üzv dövlətinin bu qazdan faydalanması ölkənin Avropa enerji sistemində sabitləşdirici rol oynadığını göstərir:
"Almaniya və Avstriya kimi sənaye nəhənglərinin bu siyahıya qoşulması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu, həm də Avropanın mənbə və marşrut şaxələndirmə siyasətinə uyğun gəlir.
Suriyaya qaz ixracı isə ayrıca diqqətəlayiqdir. Bu addım göstərir ki, Azərbaycan enerji siyasətini yalnız kommersiya prinsipləri ilə deyil, həm də regional sabitlik prizmasından qurur. Enerji təminatı olmayan ölkədə iqtisadi dirçəliş mümkün deyil. Bu mənada Bakı enerji vasitəsilə geosiyasi nüfuzunu artırır.
Çıxışda xüsusi yer tutan məsələ infrastrukturun genişləndirilməsidir. Cənub Qaz Dəhlizi tam yüklənib və əlavə hasilat potensialı – “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” layihələri – yeni ötürücü güclər tələb edir. Əlavə 10–15 milyard kubmetr qaz yalnız hasilat məsələsi deyil, həm də boru kəmərləri, interkonnektorlar və bazar çıxışları məsələsidir. Bu isə uzunmüddətli investisiya və siyasi razılaşmalar tələb edir".
Politoloq qeyd edib ki, yaşıl enerji xətti isə Azərbaycanın enerji modelində struktur dəyişiklikdən xəbər verir:
"2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji istehsalı planı yalnız daxili tələbatı ödəmək üçün deyil, ixrac üçün nəzərdə tutulur. Qara dənizin dibi ilə Avropaya kabel və Mərkəzi Asiyadan Azərbaycana uzanacaq enerji bağlantıları regionu yeni elektrik dəhlizinə çevirə bilər.
Burada vacib məqam odur ki, Prezident qazıntı yanacaqları ilə bərpaolunan enerji arasında qarşıdurma yaratmır. Əksinə, paralel inkişaf modelini təklif edir. Azərbaycanın 100 il kifayət edəcək qaz ehtiyatı olduğu halda milyardlarla vəsaiti yaşıl enerjiyə yatırması balanslı yanaşmanın göstəricisidir.
Bundan başqa, Azərbaycanın tranzit və emal imkanlarının genişləndirilməsi – Türkiyə və Serbiyadakı elektrik stansiyaları, İtaliyadakı neftayırma aktivləri – ölkəni enerji dəyər zəncirinin daha yüksək pilləsinə qaldırır. Bu, enerji ixracatçısından enerji sisteminin iştirakçısına çevrilmək deməkdir.
Ümumiləşdirərək qeyd edə bilərik ki, çıxış Azərbaycanın enerji strategiyasının üç əsas sütuna söykəndiyini göstərir: şaxələndirilmiş qaz ixracı, sürətli yaşıl transformasiya və regional tranzit-istehsal gücünün artırılması. Bu model reallaşarsa, Azərbaycan yalnız Cənub Qaz Dəhlizinin mərkəzi deyil, Avrasiya enerji sisteminin açar qovşaqlarından birinə çevrilə bilər".
Süleyman










































