
Türk Dünyasının birliyi haqqında illərlə romantik və emosional çıxışlar eşitdik. Amma beynəlxalq münasibətlər nəzəriyyəsi bizə bir həqiqəti öyrədir: heç bir birlik yalnız şüarlarla qurulmur. Birlik üçün ortaq siyasi iradə, ortaq strateji düşüncə, güvən, institusional müstəqillik və ən əsası həmin ideyanın ruhunu anlayan insanlar lazımdır.
Bu gün Türk Dünyası ilə məşğul olan bir çox beynəlxalq və regional qurumlarda təmsil olunan şəxslərin əsas hissəsi türk kimliyinin mahiyyətini dərk etmir. Onların əksəriyyəti postsovet məkanında keçmiş sovet təhlükəsizlik sistemləri tərəfindən bu sahəyə gətirilən insanların ya özləri, ya da yaxın qohumlarıdır, digərlərinin isə sadəcə vəzifə və protokol naminə “türkçülük” görüntüsü yaratması artıq sirr deyil.
Digər tərəfdən, Türkiyədə uzun illər Türk kimliyindən daha çox dini-identik yanaşmanın önə çıxarılması nəticəsində türk düşüncə sistemi ilə ərəb mədəni təsirlərinin qarışdırıldığı bir mühit formalaşıb.Türk Birliyi nə etnik şovinizmdir, nə də dini hegemonluq layihəsi. Türk Birliyi ortaq tarix, ortaq mədəni yaddaş, ortaq təhlükəsizlik maraqları və gələcək vizyonu üzərində qurulmalı olan geosiyasi və sivilizasion əməkdaşlıq modelidir.
Türk Birliyi məsələsində Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi mövqe xüsusi önəm daşıyır. Onun “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikri əslində strateji və tarixi bir baxışın ifadəsidir. Çünki Türk Dünyasının gələcəyi yalnız mədəni yaxınlıq yox, həm də siyasi iradə və qarşılıqlı etimad tələb edir.
Əgər həqiqətən Türk Dünyasının gələcəyini düşünürüksə, onda ilk növbədə görüntü xətrinə yaradılmış imitasiya strukturlarından uzaqlaşmalıyıq. Çünki saxta birlik görüntüsü gələcəkdə daha böyük parçalanmalara və xalqlarda ümidsizlik yaratmağa səbəb ola bilər.
Türk Birliyi üçün əsas istiqamətlər məlumdur. Amma bunların həyata keçməsi üçün Türk ruhunu dərk etmək lazımdır.
Türk ruhu nədir?
Ədalət anlayışı, ailə institutuna sədaqət, qonaqpərvərlik, vətən uğrunda fədakarlıq, dövlət düşüncəsi, sözə və əhdə bağlılıq, azadlıq sevgisi, mədəni yaddaşın qorunması və ən nəhayət məzlumun yanında olmaq.
Türk Dünyasına xidmət etmək istəyən şəxs əvvəlcə bu mənəvi və tarixi kodları anlamalıdır. Əks halda ortaya yalnız protokol tədbirləri, süni sammitlər və boş bəyanatlar çıxacaq. Türk Birliyi sadəcə bu ad altında heç bir nəticəsi olmayan tədbirlər və şəkil çəkdirmə platformasına çevrilərsə, xalqın gözündə müqəddəs ideya yox, siyasi dekorasiya təsiri bağışlayacaq. Halbuki bu ideya milyonlarla insanın gələcək ümidi ilə bağlıdır.
Görünən odur ki, Türk Birliyinin gələcəyi yalnız dövlətlərarası mexanizmlərlə mümkün olmayacaq. Çünki dövlətlər geopolitik təzyiqlərdən, xüsusilə böyük güclərin təsirindən tam azad deyillər. Bu reallığı qəbul etmədən sağlam strategiya qurmaq mümkün deyil. Sabah hansısa X güc postsovet məkanındakı dövlətlərə təzyiq etsə, bir çoxlarının Türk Birliyi mövzusunda geri addım atacağı ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də Türk Dünyasının gələcəyi dövlətlərdən asılı olmayan, seçki və hesabatlılıq prinsipi ilə fəaliyyət göstərən müstəqil beynəlxalq Türk institutlarının formalaşmasından keçir.
Bu təşkilatlar xalq tərəfindən legitim qəbul olunmalı, seçilən idarə heyəti və şuralarla idarə edilməli, fəaliyyətləri ölçülə bilən olmalı, dövlətlərə deyil, türk toplumlarının gələcəyinə xidmət etməlidir. Dövlətlərin rolu isə bu strukturları nəzarətdə saxlamaq yox, onlara dəstək vermək olmalıdır. Əks halda türkçülük adı altında ortaya çıxarılan vəzifəpərəst fiqurlar, qorxu siyasəti və ideoloji savadsızlıq Türk Birliyi ideyasını xalqın gözündən salar. Bu isə ən çox Türk Birliyindən qorxan qüvvələrin maraqlarına xidmət edər.
Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan türk topluluqları belə bir birliyə ümidlə baxır. Çünki onlar uzun illər yalnız Türk olduqları üçün təzyiq, assimilyasiya və haqsızlıqlarla qarşılaşıblar.Unutmamalıyıq ki, Türk Birliyi romantik xəyal deyil, geosiyasi zərurət və tarixi məsuliyyətdir.!
Səftər Rəhimli











































