
"İnsanlıq və dünya siyasəti əvvəlki dünyadan fərqli hala gəldi və biz bunun səbəblərinin, müsbət keyfiyyət və fəsadlarının çox zaman fərqinə varmırıq. Dünya çox dəyişdi, çünki insan düşüncəsi dəyişdirildi. Əvvəllər dünyagörüşü insan beynində ailə, məktəblər və dövlətlər formalaşdırırdı, indi internet, sosial media, süni intellekt formalaşdırır".
Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, saniyələr içində hər hadisədən xəbərdar oluruq:
"Güc siyasətinin mahiyyəti dəyişdi. Əvvəllər əsas güc torpaq, əhali, ordu ilə ölçülürdü. Bu gün texnologiya, enerji, logistika və kiberməkan gücün əsas elementləridir. Ona görə hər hansı ölkədə baş verən iqtisadi-siyasi hadisə digər ölkələrə sürətlə yayılır və nəticəsi olaraq da dünya bir-birinə möhkəm bağlanıb, hətta insan hüquqları haqqında təsəvvürlər dəyişib. Fərdi azadlıqlar yanlış səmtə yönəlsə, cəmiyyət üçün bəzən fəsadlar törətsə də, müdafiə təsəvvürü tamamilə fərqlidir. Hazırda biz bunun fəsadlarını, neqativ görüntüsünü yaşayırıq".
Mərkəz rəhbəri qeyd edib ki, sürətli informasiyaların yayılması həm gücə, həm də təhlükəyə çevrilib:
"İndi informasiya savaşı və ictimai rəyin formalaşması, idarə olunması beynəlxalq siyasətin bir hissəsi və prioritetidir. Artıq güc yalnız güclü dövlət və zəif dövlət münasibəti ilə izah olunmur və beləliklə, bu dərin incəliklər və dəyişikliklər yarandı. Ona görə də insanın dünyanı qavrama üsulu dəyişib. Biz buna əmin olaq ki, dünya tək xarici görünüşdən dəyişməyib. İndi artıq ağıllı texnologiya, informasiya, iqtisadi imkan, mənəvi təsir uğrunda mübarizə gedir, təkcə ərazilər uğrunda deyil və bu proseslərin hamısını nəzərə alıb köhnə düşüncə ilə yeni dünyanı idarə etmək mümkün deyil. Qarşılıqlı iqtisadi asılılıq artıb, milli maraqlar daha əhatəli, çoxvektorlu, şaxəli olub. Təsəvvür edin ki, su belə milli maraqların əhatəsinə çevrilib. Ona görə də bu gün yeni dünya düzəni və beynəlxalq nizamın yeni reallıqları ortaya çıxıb. Dünyanın dəyişməsi labüddür. İndi bu günün reallıqlarını nəzərə alan milli maraq və mənafelərimizi, o cümlədən təhlükəsizliyimizi qorumaq üçün o dəyişikliklərə paralel olaraq yaradılan yeni strateji xətti müdafiə etməliyik. Yoxsa hələ də 90-cı illərdə qalmış, köhnə təfəkkürün sönmüş, məhv olmuş qalıqları ilə dünyanı, ölkəni idarə etmək olmaz".
Ramil Hüseynov qeyd edib ki, diletantlıqdan uzaq, dilemmanı düzgün oxuyan, diqqətli diplomatiyanı, prinsipial mövqeyi, strateji çevikliyi müdafiə edən bir siyasi dəst-xəttin yanında olmalıyıq:
"Necə ki, indiyə qədər olmuşuq və nəticələr də göz qabağındadır. Cənab Prezident İlham Əliyevin strateji xəttinin mahiyyəti məhz bu incəlikləri, dəyişən dünyaya uyğun Azərbaycanın coğrafi ve geosiyasi reallığını əks etdirən ciddi, mürəkkəb, amma faydalı siyasi yanaşmadır. Biz gördük ki, diplomatik zamanlamanı düzgün qiymətləndirməklə, planlamaqla, nə dediyindən daha çox, nə vaxt demək lazım olduğunu, hansı şəraitdə addım atmağını dəqiq, diqqətli hesablamaqla biz dövlətimizin aktivinə ciddi uğurları yazdıq. Ölkənin lideri prinsipiallıq göstərib, qırmızı xətlərimizi qorudu, strateji maraqlarımızdan bir addım geri çəkilmədi. Beləliklə, biz uğurları yeni dünyaya keçid dövründə dərin düşüncə və müdrikliklə qazandıq. Bütün nailiyyətlərimizin kökü məhz ora bağlıdır".
Süleyman












































