
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi güc və hərbi təzyiq siyasətinin dəyişdiyini, Vaşinqtonun iqtisadi təzyiq və blokada mərhələsinə keçdiyini elan edib.
İndiki mərhələdə bu dəyişiklik regionda genişmiqyaslı müharibənin və onun daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması baxımından mühüm gedişdir. Lakin bu, ABŞ-ın İranla müharibədən imtina etməsi demək deyil.
İqtisadi təzyiq və blokada uzunmüddətli baxımdan hərbi güc tətbiqindən daha effektiv ola bilər. Bu variantda əsas hədəf İranın daxili sabitliyidir. İqtisadi vəziyyətin ağırlaşması, sosial narazılığın artması və əhalinin hakimiyyətə qarşı çıxması daxili böhranı dərinləşdirə bilər.
Şübhəsiz ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibə İran cəmiyyətini, hətta hakimiyyətə qarşı narazı təbəqələri belə, rejimin ətrafında birləşdirdi, konsolidasiya effekti verdi.
İranın müharibədən belə çıxışı region üçün ciddi riskləri ortaya çıxarır. Artıq Trampın “iqtisadi təzyiq və blokada” açıqlamasından sonra SEPAH-ın özünü regionun əsas gücü və söz sahibi kimi elan etməsi, həmçinin İranın Avropanı belə vura biləcəyi ilə bağlı təhdidləri göstərir ki, İran məsələsi hələ başa çatmayıb. NATO isə bütün müttəfiqlərini müdafiə etmək üçün lazım olanı edəcəyini bildirib.
Hörmüz boğazı ətrafında gedən proseslər bu strategiyanın mühüm hissəsidir. Körfəz ölkələrinin neft ixracını Oman sektoru ilə davam etdirməsi, eyni zamanda Trampın Hörmüzün strateji əhəmiyyətinin azalması və alternativ marşrutların formalaşdırılması barədə mövqeyi Hörmüz üzərində əvvəlki təsir imkanlarının itirilməsi baxımından Tehran üçün ciddi hərbi-strateji məğlubiyyətdir.
Əvvəlki hərbi ssenari İranın suverenliyini və ərazi bütövlüyünü qorumaq şərti ilə Tehranı ABŞ-a loyallığa, İsraillə münasibətlərini dəyişməyə, nüvə və raket proqramlarından imtinaya məcbur etməyə hesablanmışdı. İndi isə strategiyanın iqtisadi təzyiq və blokadaya dəyişdirilməsi, əsasən də İran neftinin ixracının dayandırılması, sanksiyaların sərtləşdirilməsi və iqtisadi, ticarət və dəniz blokadasının gücləndirilməsi daha dərin, daha doğrusu, İranın daxili sabitliyinin pozulması, hakimiyyət dəyişikliyinə və hətta İranın parçalanmasına zəmin yaradılması məqsədi daşıyır.
Donald Trampın SEPAH-la ABŞ arasında gizli əlaqələrin qurulmasına dair açıqlaması da SEPAH-ın İranda mövqelərini qorumaq və gələcək siyasi proseslərdə rolunu təmin etmək üçün ABŞ-la danışıqlara getdiyi ehtimalını artırır.
Əgər İran daxilində nəzarətli və sivil hakimiyyət keçidi mümkün olarsa, İran dövlətçiliyinə qarşı risklərdən yayınmaq mümkün ola bilər. Əks halda, ölkənin parçalanması, Hörmüz ətrafı ərazilər və digər bölgələrin mərkəzi hakimiyyətin nəzarətindən çıxması, hətta müəyyən ərazilərin müstəqilliyi variantı da istisna deyil.
Beləliklə, ABŞ-ın hərbi gücdən iqtisadi təzyiq və blokadaya keçidi sadəcə taktiki dəyişiklik deyil. Bu, İranla mübarizənin xarici cəbhədən daxili cəbhəyə keçirilməsi və əsas hədəfin İranın hərbi imkanlarından onun siyasi sabitliyinə yönəldilməsi deməkdir.
Vüqar Dadaşov, politoloq











































