
Müəllim yalnız bilik verən insan deyil. Müəllim gələcək nəsli formalaşdıran, cəmiyyətin mənəvi və intellektual dayaqlarını möhkəmləndirən böyük bir missiyanın daşıyıcısıdır. Azərbaycan tarixində və dövlətçilik ənənələrimizin formalaşmasında maarifçiliyin, təhsilin və müəllim əməyinin xüsusi yeri var. Bu gün əldə etdiyimiz nailiyyətlərin arxasında savadlı, düşünən, vətənini sevən və dövlətinə bağlı nəsillərin yetişdirilməsi dayanır.
Müasir Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də güclü dövlətimizi daha güclü cəmiyyətlə gələcəyə daşımaqdır. Bunun təməli isə məktəbdə, müəllimin verdiyi bilik və tərbiyədə qoyulur. Ömrünü gənc nəslin təhsilinə və tərbiyəsinə həsr edən bütün müəllimlərə təşəkkür edir, onların məsuliyyətli və şərəfli fəaliyyətinə yüksək qiymət verirəm.
Bütün müəllimləri 5 Oktyabr – Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yetişdirdikləri hər bir şagirdin uğurundan qürur duymağı arzulayıram.
Müəllimə verilən ən böyük dəyər onun yetişdirdiyi nəsildir.
Ramin Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri










































