
Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü sadəcə təqvimdə qeyd olunmuş bir qələbə tarixi və ya rəsmi sərəncamın icrası deyil. Bu gün, düz 27 il boyunca bəşəriyyətin kar və kor qaldığı bir sükutun, insan iradəsi və ədalətin gücü ilə darmadağın edildiyi andır.
Cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi təsis edilib. Bu tarixi qərar işğaldan azad edilmiş ərazilərdə qazanılmış möhtəşəm tarixi qələbənin əbədiləşdirilməsi məqsədini daşıyır və hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
İşğal illərində Cəbrayıl viranəyə çevrilmişdi; divarları sökülmüş evlər, talan olunmuş qəbirlər və kəsilmiş köklər. Lakin torpağın yaddaşı insan yaddaşından fərqlidir, o, üzərində gəzən yad ayaq izlərini heç vaxt qəbul etmədi. 2020-ci ilin həmin payız günündə rəşadətli Azərbaycan Ordusu Cəbrayıla daxil olarkən, sanki bu qədim yurd yerinin daşları da dilə gəlmişdi. Şəhərin azad olunması təkcə hərbi strateji uğur deyil, həm də Arazın bu tayında mənəvi bütövlüyümüzün yenidən hörülməsi idi.
Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl bu gün tamamilə fərqli bir fəlsəfə ilə yenidən doğulur. Artıq minlərlə insanın öz doğma ocağına qayıtması bu torpaqlara sadəcə kərpic və beton deyil, ruh gətirir. Küçələrdə qaçan uşaqların ayaq səsləri, otuz illik lallığı qırıb atan ən böyük manifestdir.
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı










































