
"Görünən odur ki, cəmiyyət dəyişikliklərə hadisənin özündən qat-qat çox emosional reaksiya verir. Elçin Babayevin rektorluqdan azad edilməsinə münasibətdə də bunu görürük. Rəhbər dəyişikliyini universitetin gələcəyi, idarəçilik və reputasiyası baxımından qiymətləndirmək lazımdır".
Newscenter.az xəbər verir ki, bunları Azedu.az saytının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib. O bildirib ki, Məleykə Abbaszadə təhsil sistemində ciddi çəkisi, təcrübə və idarəçilik potensialı olan fiqurdur:
"Onun BDU-ya gətirilməsi universitetin nüfuzunun bərpası, akademik mühitin güclənməsi və yeni idarəçilik mərhələsinin başlanması baxımından mühüm fürsət ola bilər".
Elşad Eyvazlı, "Gəlin, hadisələrə bir az da bu tərəfdən baxmağı öyrənək. Hər yenilikdə nəsə axtarmaq yox, onun nə gətirə biləcəyini düşünmək lazımdır. Dəyişiklikdən qorxduğumuz üçün gələcəkdəki imkanları bugünkü emosiyalarımıza qurban verməyək",-deyə vurğulayıb.
Süleyman










































