Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əbədi dostluqdan böyük müttəfiqliyə

Əbədi dostluqdan böyük müttəfiqliyə



Azərbaycan və Özbəkistan arasındakı münasibətlər sadəcə iki dövlətin rəsmi tərəfdaşlığı deyil, kökü əsrlərə dayanan, eyni dildən, dindən və mədəniyyətdən qidalanan sarsılmaz bir qardaşlıq vəhdətidir. Bu əlaqələr həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın regional güc mərkəzlərini birləşdirərək, Avrasiya məkanında yeni və qüdrətli bir geosiyasi reallıq formalaşdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına reallaşdırdığı dövlət səfəri iki ölkə arasındakı çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuşdur. Ali səviyyədə keçirilən görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər Bakı ilə Daşkənd arasındakı əlaqələrin yalnız regional deyil, həm də qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini növbəti dəfə nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici səfərdən əvvəl həmin ölkənin baş media qurumuna-Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə zamanı mühüm tarixi faktları danışması, qarşı tərəfə və onun xalqına göstərilən dərin ehtiramın rəmzidir. Bu, rəsmi Bakının Özbəkistan cəmiyyəti ilə birbaşa və səmimi dialoq qurmaq istəyini ifadə edir. Səfərin ən mühüm siyasi yekunu olaraq iki dövlət başçısı tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanması tərəflər arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidentinə iki ölkə arasında əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə görə Özbəkistanın ali dövlət mükafatı olan Dostluq ordeninin təqdim edilməsi dövlətlərarası yüksək etimadın və səmimi qardaşlıq bağlarının bariz göstəricisidir.

Səfər çərçivəsində humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində də mühüm addımlar atılmış, Yeni Daşkənd şəhərində Azərbaycan parkının təməlqoyma mərasimi keçirilmiş və Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin müasir kampusunun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İqtisadi müstəvidə ticarət dövriyyəsinin həcminin bir milyard dollara çatdırılması hədəflənmiş, sənaye, tekstil, qızıl emalı sahələrində birgə müəssisələrin yaradılması, həmçinin Sea Breeze Uzbekistan otel-yaşayış kompleksinin inşası kimi irimiqyaslı investisiya layihələri razılaşdırılmışdır.

Nəqliyyat sahəsində isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası istiqamətində strateji tərəfdaşlıq gücləndirilmiş, bu da hər iki ölkənin qlobal logistik xəritədəki tranzit rolunu əhəmiyyətli dərəcədə artırmışdır. İki ölkənin idman və gənclər siyasəti sahəsindəki unikal əməkdaşlığının göstəricisi olaraq FIFA U-20 Dünya Çempionatına birgə ev sahibliyi edilməsi barədə qərar qəbul olunmuşdur. Səfərin rəsmi proqramının sonunda Daşkənd səmasında təşkil olunan və hər iki dövlətin rəmzlərini, liderlərin portretlərini əks etdirən genişmiqyaslı dron şousu bu tarixi hadisənin rəsmi və mənəvi əhəmiyyətini, xalqlarımızın ortaq gələcəyə yönəlmiş sarsılmaz birliyini rəmzi olaraq bir daha təsdiqləmişdir.

Bakı və Daşkənd tərəfindən qurulan bu sarsılmaz müttəfiqlik hər iki qardaş xalqın milli maraqlarını qorumaqla yanaşı, bütövlükdə Türk dünyasının inteqrasiyasını, regional sabitliyi və qlobal təhlükəsizliyi təmin edən ən etibarlı dayaq nöqtəsidir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Xəbəri paylaş