
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrası Azərbaycanın öz daxili işidir. Heç bir başqa dövlət bu məsələyə və eləcə də ictimai qaydanı kobud şəkildə pozanların məsuliyyətə cəlb olunmasına öz regional, ideoloji maraqlarından çıxış edərək müdaxilə etməməlidir. Bu, xüsusən də cənub qonşumuz İrana aiddir. Çünki son günlər İrandan bu mövzuda yenə radikal çağırışlar və bəyanatlar səsləndirilməkdədir.
Bu gün vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Nardaranda 130 saylı tam orta məktəbdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı ictimai qaydanın pozulması halı qeydə alınıb:
"Bu gün səhər saatlarında məktəbdə toplaşan bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Həmin şəxslər radikal dini şüarlar səsləndiriblər. Bundan başqa, bir qrup şəxs tərəfindən Binə qəsəbəsindəki 121 nömrəli tam orta məktəbin şüşələri sındırılıb, müəllim heyətinə və mühafizə əməkdaşlarına hücum edilib.
Bu faktlarla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib. Bu addımın atılmasında əsas məqsəd qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır".
Komitə sədri qeyd edib ki, vahid məktəbli formasının tətbiqini süni siyasi və dini problemə, təxribat predmetinə çevirmək olmaz:
"Vahid məktəbli formasının dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da tətbiq edilməsinə normal və adi yanaşmaq lazımdır. Təxribat törədənlər özlərini başqa ölkələrin əlində alətə çevirməməlidirlər. Məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinin və dini-dünyəvi qarşıdurma müstəvisinə daşınması cəhdlərinin heç bir perspektivi yoxdur.
Ona görə də bəzi xarici KİV-lərdə və qonşu ölkələrin sosial media məkanında Azərbaycanın daxili məsələlərinin təhrif olunması, dini hisslər üzərindən manipulyasiyaların aparılması, insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyə və ictimai sabitliyə xələl gətirməyə yönələn çağırışlar edilməsi məkrli hərəkətlərdir. Vətəndaşlarımız bu cür çağırışların ölkəmizin milli maraqlarına qarşı yönəldiyini bilməli və hər cür təxribatlara qarşı ayıq-sayıq olmalıdırlar".
Əlisahib Hüseynov diqqətə çatdırıb ki, biz heç bir müsəlman ölkəsinin daxili işlərinə müdaxilə etmirik:
"Eyni yanaşma bizə qarşı da tətbiq olunmalıdır. Onlar fürsətdən istifadə edib bizə məktəbli geyimi üzərindən təzyiq göstərməməlidirlər. Bu cür fürsətçilik və dini hisslər üzərindən manipulyasiyaların aparılması yolverilməz hərəkətdir. İranın dövlət televiziya və radio qurumu IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalının Diyarbəkirdə keçirilən dini mərasimi “azərbaycanlı hicablılara dəstək aksiyası” kimi təqdim etməsi isə, ümumiyyətlə, çox gülməlidir. "Səhər TV"-nin bu cür yalançı həmrəylik görüntüləri ikrah doğurur. Cəmiyyətimiz də bu tip fürsətçi yanaşmalara qarşı ictimai qınaq mövqeyi nümayiş etdirməli, qanunçuluğun və asayişin qorunmasına dəstək verməlidir".
Süleyman










































