
"Cəmiyyətin, dövlətin dirəyi bilikdir, təcrübədir, vicdandır. Bu üç sütunu zəiflətdikcə, üzərində dayandığımız bina da sarsılacaq. Vəzifələrə savadlı və ləyaqətli insanlar gətirilməyincə, nə rejim olacaq, nə də rejimi qoruyacaq anlayış qalacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib, O deyib ki, dövlətin və xidmətin rifahı naminə çalışan istənilən rəhbər, ətrafına savadlı, təcrübəli və prinsiplərə sadiq kadrlar toplamalıdır:
"Bu gün əsas vəzifə – vəzifəpərəstləri deyil, vəzifəsinə məsuliyyətlə yanaşan peşəkarları irəli çəkmək olmalıdır. Çünki sabah bu xidmət sahələrinin yükünü, məhz bu gün irəli çəkilənlərin çiyinləri daşıyacaq. Əgər bu gün biz düşünmədən, yalnız şəxsi maraqlarımızı əsas götürərək kadr seçiriksə, gələcəkdə bu sahənin çökməsinə şərait yaratmış oluruq.
Bəlkə də bu gün bu vəziyyət bir çoxlarına "normal" görünə bilər. Amma sabah bu "normaların" yaratdığı fəsadlar qarşısında peşman olanlar çox olacaq. Xüsusilə, vəzifə kreslosunu müvəqqəti rahatlıq, şəxsi mənfəət vasitəsi kimi görənlər".
Hüquqşünas təəssüf hissi ilə qeyd edib ki, bu gün xidmətin əsas problemlərdən biri, savadsız, təcrübəsiz və tamahgir kadrların vəzifələrə irəli çəkilməsidir:
"Onların çoxu xidmət etdikləri sahənin əsas prinsiplərindən, funksiyalarından xəbərsizdir. Elə buna görədir ki, adi “rejim” anlayışını belə izah edə bilməyən şəxslər rəhbər mövqedə qərar verən, göstəriş verən və söz sahibi olan fiqurlara çevriliblər.
Vəzifəyə gətirilmiş bu cür əməkdaşların bir "bilik"ləri var: “Allah rəisin balasını saxlasın.” Bu ifadə təkcə bir dua deyil, həm də onların öz uğursuzluqlarına bəraət qazandırmaq, öz iş bilməməzliklərini ört-basdır etmək üçün sığındıqları bir cümləyə çevrilib. Bəli, əlbəttə, rəisin balasına dua etmək gözəl insani davranışdır. Amma xidmətin və dövlətin rifahı üçün əsas olan, işçinin işini bilməsi, vəzifəsinin məsuliyyətini dərk etməsi və süni problemlər yaratmamasıdır.
Təəssüflə qeyd edilməlidir ki, bu gün tətbiq edilən kadr siyasəti nəticə etibarilə sadəcə “vəzifə sahibləri” yetişdirir, amma “peşəkar mütəxəssislər” yox. Hər bir sahədə istər hüquq, istər səhiyyə, istərsə də tikinti məsuliyyətsiz və qeyri-peşəkar yanaşma faciəvi nəticələr doğura bilər. Məsələn, savadsız bir həkimin səhvi bir insanın ömrünü, məsuliyyətsiz mühəndisin səhvi onlarla ailənin taleyini məhv edə bilər. Hüquq sistemində isə savadsız hüquqşünasın və ya rəhbərin səhvi bir dövlətin beynəlxalq nüfuzuna, onun beynəlxalq öhdəliklərinə, vətəndaşının taleyinə ağır zərbə vura bilər.
Bu gün uğur dedikdə ağlımıza yalnız pul gəlir. İnsanların şəxsi keyfiyyətləri, savadı, təcrübəsi və vicdanı arxa plana keçib. Pulu və "day-dayın" varsa demək ki, ağıllıdır, nüfuzludur, “uğurludur”. Pulu yoxdursa hüquqşünas da olsa, alim də olsa, təcrübəli də olsa heç kimə lazım deyil. Bu yanlış və xidmətə zərər verən düşüncə tərzi, gələcəyimizin kökündən sarsıdılması deməkdir".
Süleyman