
"Şəhidlər Xiyabanı Azərbaycan xalqı üçün ən müqəddəs məkanlardan biridir. Orada uyuyan igidlər Vətən torpağı uğrunda canlarından keçiblər və bu səbəbdən onların xatirəsi toxunulmazdır. Belə bir yerdə hər hansı təhqiramiz hərəkət etmək, sadəcə bir ailənin övladına qarşı deyil, bütün millətə, dövlətə və müqəddəs dəyərlərə qarşı hörmətsizlikdir".
Newscenter.az xəbər verir ki, bunları ilahiyatçı Əkrəm Həsənov səsləndirib. O deyib ki, əcnəbi vətəndaşların bu cür davranış göstərməsi onların kimliyindən asılı olmayaraq yolverilməzdir:
"Hər bir insan bilməlidir ki, şəhidin məzarı müqəddəsdir, oraya hörmətsizlik etmək insanlıqla bir araya sığmır. Dövlətin dərhal reaksiya verməsi və qanun çərçivəsində ölçü götürməsi tamamilə doğrudur. Əgər belə hallara qarşı sərt mövqe göstərilməsə, bu, gələcəkdə başqa şəxslərin də eyni hörmətsizliyi etməsinə yol aça bilər.
İslam dini də ölülərə və qəbiristanlığa hörməti vacib sayır. Peyğəmbərimiz (s) buyurub: “Qəbir ziyarəti edin, çünki o sizə axirəti xatırladır.” Bu baxımdan şəhidlərin məzarını təhqir etmək həm dini baxımdan günah, həm də milli baxımdan xəyanət xarakterli bir davranışdır".
Əkrəm Həsənov qeyd edib ki, şəhidlərin ruhu daim uca tutulmalıdır:
"Onların qanı bahasına bu gün biz azad və müstəqil yaşayırıq. Ona görə də xalqımızın hər bir nümayəndəsi, istər yerli, istərsə də əcnəbi, bilməlidir ki, şəhidlərimizin müqəddəs xatirəsinə qarşı hər cür hörmətsizlik qanun qarşısında cavabsız qalmayacaq".
Süleyman