
Macarıstanın Baş Naziri Aparatının müavini Marton Uqroşdi Özbəkistana səfəri zamanı media nümayəndələrinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini qeyd edib. O, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhsil və elm əlaqələrinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Marton Uqroşdinin sözlərinə görə, səfərin əsas məqsədi TUT ölkələrindən, o cümlədən Özbəkistan və Macarıstandan olan tələbələrin bir-birinin universitetlərində təhsil almasına və birgə tədqiqat layihələrində iştirak etməsinə imkan verəcək struktur və maliyyə mexanizminin yaradılması təşəbbüsünü müzakirə etməkdir:
"Oktyabr ayında keçirilən TDT Sammiti çərçivəsində biz tələbələrə təkcə təbiət elmləri deyil, həm də sosial elmlər üzrə qısamüddətli təcrübə və tədqiqatlar keçirəcək proqram təklif etmişik. Bu, ölkələrimizə su ehtiyatlarının idarə olunmasından tutmuş süni intellekt və iqlim dəyişikliyinə qədər aktual məsələlərdə birgə işləməyə imkan verəcək.
Hazırda özbək tələbələr Macarıstanda əyani ali təhsil almaq üçün “Stipendium Hungaricum” proqramından uğurla istifadə edirlər. Təəssüf ki, bu prosesdə qısamüddətli hərəkətlilik üçün çevik mexanizm yoxdur. Yeni təşəbbüsümüz bu problemi aradan qaldırmağa yönəlib. Yəni, tam ştatlı təhsil proqramı əvəzinə, bir neçə həftə və ya ay ərzində digər TDT ölkələrinin təhsil mühitinə uyğunlaşmağa imkan verəcək qısamüddətli layihələrdən söhbət gedir. Biz həmçinin Özbəkistanda daha çox macar tələbələrin ümumi tariximizi öyrənməsi və aktual məsələlər üzərində işləməsi üçün tərəfdarıq".
O deyib ki, Özbəkistan Macarıstanın regionda etibarlı tərəfdaşıdır:
"Təşəbbüslərimizin ardıcıl olaraq dəstəklənməsindən çox şadıq. Eyni zamanda, biz ali təhsil və elm sahəsində əməkdaşlığı daha da genişləndirməliyik.
Bu prosesdə regionlarla təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, Macarıstan şirkətlərinin Özbəkistandakı layihələrə daha fəal cəlb edilməsi vacibdir. Məsələn, sənaye parklarının və innovasiya mərkəzlərinin işə salınması, birgə tədqiqatların aparılması perspektivli planlar sırasındadır".

Süleyman