
Artıq bir neçə gündür ki, Azərbaycanda III MDB oyunları keçirilir. Gəncə şəhəri başda olmaqla respublikanın 7 şəhər və rayonunda baş tutan yarışlarda 23 idman növü üzrə 2 minə yaxın idmançı mübarizə aparır.
Newscenter.az xəbər verir ki, belə bir yarışların keçirilməsinin Azərbaycanın əyalətləri, ətraf şəhər və rayonlarımızda gedən inkişafın iştirakçı dövlətlərə çatıdırılması baxımından əhəmiyyətli olduğunu deyən Milli Məclisin deputatı İlham Məmmədov bu kimi yarışlara evsahibliyi etməklə mədəniyyətimiz, adət-ənənələrimiz, mətbəximiz barədə də ölkəmizə gələn qonaqlara müfəssəl məlumat verildiyini, bu kimi xüsusisyyətlərimizlə yaxından tanış olduqlarını vurğulayıb.
Deputat eyni zamanda Azərbaycanda Türk Dövlətlərinin idman yarışlarının keçirilməsini də mümkün sayıb:
“Hər zaman ilkə imza atan, Türk dünyasının inteqrasiyası, birlik və bərabərliyi istiqamətində Türkiyə ilə pararlel olaraq lokomotiv rolunu oynayan Azərbaycan Türk dövlətlərinin ilk idman yarışlarına evsahibliyi edə bilər. Düşünürəm ki, bunu Türk Dövlətləri Təşkilatının Olimpiadası, yaxud təşkilata üzv ölkələrin I İdman Oyunları kimi rəsmiləşdirmək olar”.
İlham Məmmədov hesab edir ki, qeyd edilən idman yarışları üçün ən ideal məkan Qarabağ və Şərqi Zəngəzur zonası ola bilər:
“Türklərin həyatı at belində, ox atmaqla, güləşlə keçib. Bu cür idman yarışlarının keçirilməsi üçün Qarabağ zonası ən ideal məkan ola bilər. Xüsusilə, Şuşada, Cıdır düzündə həmin idman yarışlarının hansısa növünü təşkil etmək mümkündür”.
Millət vəkili deyib ki, Azərbaycanın bu cür beynəlxalq yarışlara yüksək səviyyədə evsahibliyi etmək təcrübəsi var və yaxın tariximizdə bunun əyani şahidi olmuşuq:
“İstər İslam Həmrəyliyi Oyunları, istər Birinci Avropa Oyunları, istərsə də Formula-1 yarışları və digər bu kimi tədbirləri əyani sübut kimi göstərmək olar”
Deputat deyib ki, yarışlar Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəzərdə tutulsa da, eyni zamanda həmin oyunlara digər ölkələrin qoşulması üçün də imkan yaradıla bilər və bu da onun beynəlxalq idman oyunları kimi statusunu artırmış olar.
Süleyman