
"Artıq Azərbaycan regional oyunçudan qlobal oyunçuya çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə dəvət edilməsi bunun bariz nümunəsidir”.
Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib.
İctimai birlik sədri qeyd edib ki, bu cür yüksək səviyyəli beynəlxalq tədbirlərə Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun, regional, həmçinin qlobal məsələlərdə oynadığı rolun göstəricisidir:
“Belə bir sammitə İlham Əliyevin dəvət edilməsi həm də Azərbaycanın sülh və təhlükəsizlik məsələlərinə verdiyi önəmi göstərir. Bu, Azərbaycanın sülhə verdiyi töhfənin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını göstərir”.
ATXƏM sədrinin sözlərinə görə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan regionda sülh təşəbbüslərinin fəal iştirakçısına çevrilib:
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan sülh gündəliyini irəli sürür və regionda uzunmüddətli sabitliyin təmin olunmasına çalışır. Bu, ölkənin beynəlxalq aləmdə sülhün təşəbbüskarı kimi tanınmasına səbəb olub.
Bundan əlavə Azərbaycan uzun illərdir ki, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən ölkə kimi tanınır. Bakı Prosesi, Beynəlxalq Humanitar Forum və digər təşəbbüslər çərçivəsində Azərbaycanın bu sahədəki rolu beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Sülh sammitləri isə məhz bu dəyərlərin təşviq olunduğu platformalardır.
Azərbaycanın xarici siyasəti balanslı və prinsipialdır. Bakının böyük güclər arasında neytral və əməkdaşlığa açıq mövqe tutması ölkəyə etibarlı tərəfdaş imici qazandırıb. Bu da onu müxtəlif geosiyasi blokların bir araya gəldiyi tədbirlərə dəvət olunan nadir ölkələrdən birinə çevirir”.
İlham İsmayılovun sözlərinə görə, Azərbaycanın həm Türk dünyası, həm də İslam aləminin birlik və bərabərliyi, vahid mövqe ortaya qoyması istiqamətindəki fəaliyyəti də beynəlxalq səviyyədə təqdir olunur, dəstək görür:
“İstər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Türk Dövlətləri Təşkilatında türk, islam birliyinə xidmət edən təşəbbüslərin irəli sürülməsi, həmin təşəbbüslərin iştirakçı dövlətlər tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amillərdəndir. Məhz sadaladığımız məqamlar da öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasına, onun qlobal əhəmiyyətli məsələlərin həllinə dəvət edilməsinə zəmin yaradır”.
Süleyman