Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki ölkə arasında sülh prosesi müsbət istiqamətdə irəliləyir

İki ölkə arasında sülh prosesi müsbət istiqamətdə irəliləyir


Ermənistanın radikal-millətçi yönümlü mediasının və revanşist blogerlərinin qərəzli və qeyri-peşəkar mövqeyi ötən gün bir daha özünü büruzə verdi. Belə ki, aprelin 29-da Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının üzvlərinin təyyarə ilə İrəvana səfər etməsini və eləcə də Ermənistanın Ağverən bölgəsində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında birgə iclasın keçirilməsinin məqsədini və motivlərini az qala yüz yerə yozdular. Halbuki bu səfərin də və sözügedən birgə iclasın da məqsədi və gündəliyi tam şəffaf surətdə bəyan edilib.

Söhbət təbii ki, ilk növbədə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi məsələlərinin müzakirəsi üçün bir araya gəlməkdən gedir. Məhz bu məqsədlə də ötən gün baş tutan səfər çərçivəsində Ermənistanın Ağverən bölgəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib. Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Eyni zamanda, tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

Həmçinin o da qeyd olunub ki, hazırda Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və bu proses davam etdiriləcək. Eləcə də vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. Şahin Mustafayev və Mher Qriqoryanın qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi zamanı xüsusi olaraq qeyd edilib ki, iki ölkə arasında sülh və əməkdaşlıq istiqamətində əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub. İclasın sonunda isə komissiyaların görüşünün yekunlarına və delimitasiyaya dair müvafiq protokol imzalanıb və tərəflər komissiyaların növbəti iclasının Azərbaycan Respublikasında keçiriləcəyi tarixin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.

Bu səfər əsnasında həmçinin Şahin Mustafayevin və Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistanın biznes dairələrinin görüşü də keçirilib. Tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub. İndiyədək biznes nümayəndələri məhsul siyahılarını əsasən hökumətlər vasitəsilə mübadilə ediblər. Lakin hazırda bu proses birbaşa işgüzar əlaqələr mərhələsinə keçir. Bundan sonrakı mərhələdə biznesmenlər birbaşa işləyəcəklər. Bütün bunlar həqiqətən də olduqca mühüm nəticələrdir. Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinin nəticələri onu göstərir ki, iki ölkə arasında sülh prosesi müsbət istiqamətdə irəliləyir.

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da mətbuat konfransı zamanı Şahin Mustayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərindən danışarkən bunu çox mühüm hadisənin baş verməsi kimi qiymətləndirib: “Mən hesab edirəm ki, çox mühüm hadisə baş verib. İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq”. Ancaq əfsuslar olsun ki, Ermənistanın millətçi dairələri Nikol Paşinyandan fərqli olaraq bu səfərə başqa "don geyindirməyə" çalışırlar. Halbuki səfərin gündəliyi də, tərəflər arasında keçirilən iclas və görüşlərin stenoqramları, foto-videomaterialları da hamısı ortadadır.

Bu səfər nə Paşinyana seçkiöncəsi dəstək verilməsi məqsədi güdmür, nədəki səfər əsnasında hər hansı digər gizli sövdələşmələr, razılaşmalar olmayıb. Bu mənada Robert Köçəryan kimi, Aram Qabrelyanov kimi provokatorların iddiaları sadəcə aranı qarışdırmağa xidmət edir. Rusiyada oturub Paşinyan hökumətinin sərt tənqidçisi kimi çıxış edən və bəzilərinin hətta "qoca qaşqaldağ" ayaması ilə çağırdıqları erməni jurnalist Aram Qabrelyanovun Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində “Ermənistan” blokunun lideri Robert Köçəryanın qalib gəlməsi üçün hər yola əl atmasının səbəbi, motivi bəllidir. Bu baxımdan, Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi ilə bağlı yayılan cürbəcür iddiaları, şayiələri haqlı olaraq tənqid edib və bütün bunları əsassız yanaşmalar kimi qiymətləndirib. Erməni baş nazir bir daha vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin mərhələli şəkildə normallaşması və uzunmüddətli perspektivdə mehriban qonşuluq əlaqələrinin qurulması hazırda əsas məqsəd olaraq qalır. Odur ki, AZAL təyyarəsinin İrəvanın hava limanında görünməsi sülhün göstəricisidir. Erməni cəmiyyəti sülh düşmənlərinin təxribatçı sayıqlamalarına əhəmiyyət verməməlidir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş