
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olmaqla yanaşı, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay mövcud olmuş cümhuriyyət bütövlükdə müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına xüsusi töhvə vermişdir. Bu müddətdə cümhuriyyət yalnız xarici əlaqələr və humanitar sahələrdə deyil, həmçinin iqtisadiyyatda da ciddi uğurlara imza atdı.
1991-ci ildə müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzə qaldı. 1993-cü iliin iyun ayında yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Ümummili Liderin uzaqgörən siyasi iradəsi və fədakarlığı nəticəsində Azərbaycanın müstəqiilliyini itirmək təhlükəsi aradan qaldırıldı, möhkəm dövlətçilik ənənələri formalaşdı.
Azərbaycan dövlətçiliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək gücləndi. Bu günki Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir.
Zəfərdən keçən qısa müddətdən işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayırlıb və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşıb, işləyir və təhsil alır. Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, icmal büdcənin gəlirləri isə 15 dəfə yüksəlib. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 88 milyard dollara çatıb. Xarici borcunun ÜDM-də payı bir rəqəmli həddə olan Azərbaycan valyuta ehtiyatlarının iqtisadiyyatın həcminə nisbətində dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdəndir.
Müstəqilliyimiz əbədi olsun! Bayramınız mübarək!
Vüqar Bayramov, Milli Məclisin deputatı











































