Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Dövlət Proqramı aqrar sahənin inkişafına öz töhfəsini verəcək

Yeni Dövlət Proqramı aqrar sahənin inkişafına öz töhfəsini verəcək


“Qeyri-neft sektorunun bir sahəsi olaraq kənd təsərrüfatının inkişafı hər zaman Azərbaycan dövlətinin prioritet istiqaməti olub. Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, ardınca isə 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramının təsdiqlənməsi bunun əyani sübutudur”.

Bunları Newscenter.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı səsləndirib. O bildirib ki, xüsusilə hazırkı vəziyyətdə, qlobal və regional təhdidlərin artdığı, dünyanın bir sıra bölgələrində baş verən münaqişələr səbəbindən müxtəlif ölkələrin ərzaq təhlükəsizliyində yaranan problemlər bu sahəyə daha çox diqqət ayrılmasını tələb edir:

“Təbii ki, Azərbaycan da dünyanın bir parçası olaraq qlobal səviyyədə baş verən mənfi tendensiyalardan sığortalanmayıb. Ona görə də kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təminatı məsələsi bu gün əsas diqqət yetirilməli olan sahədir. Düzdür, ötən illərdə qeyd edilən istiqamətlərdə kifayət qədər işlər görülüb, qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində kəndlərdə həyat səviyyəsi yaxşılaşıb. Bu da öz növbəsində kəndlinin, ümumilikdə əhalinin sosial rifah halının yaxşılaşmasına təsirsiz ötüşməyib. Ancaq görünən odur ki, eyni zamanda qlobal miqyasda baş verən hadisələr bu istiqamətdə daha sistemli və nəticəyə hesablanmış addımların atılması zəruridir”.

Arzuman Muradlı deyib ki, dövlət başçısı keçirdiyi müşavirədə kənd təsərrüfatı sahəsində mövcud olan problemləri də açıq şəkildə dilə gətirdi və həmin problemlərin həllinin vacibliyini vurğuladı:

“Cənab Prezidentin qeyd etdiyi kimi kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Ancaq bu istiqamətdə təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Digər problem buğda istehsalı ilə bağlıdır. Dövlət başçısı bildirdi ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Prezidentin qeyd etdiyi kimi biz elə yerində sayırıq: “Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

Nəhayət, dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də torpaqlardan səmərəli istifadə edilməsidir. Bu bir reallıqdır ki, bəzi hallarda torpaqlardan səmərəli istifadə edilmir. Bu da nəticə etibarilə məhsuldarlığı aşağı salır. Bu mənada dövlət başçısı haqlı olaraq bildirdi ki, məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır. Yəni, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər”.

Arzuman Muradlı əmin olduğunu bildirib ki, həm dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə, həm də bu sahəni özündə ehtiva edən Dövlət Proqramının qəbul edilməsi aqrar sahənin inkişafına öz töhfəsini verəcək.

Süleyman
Xəbəri paylaş