Müasir dövrdə kənd təsərrüfatı yalnız ərzaq təminatı ilə məhdudlaşmayan, həm də iqtisadi sabitliyin, regional yüksəlişin, məşğulluğun artırılmasının və sosial rifahın əsas komponentlərindən biri hesab olunur. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi fikirlər bir daha təsdiqləyir ki, aqrar sektor dövlət siyasətində prioritet istiqamət olaraq xüsusi diqqət mərkəzindədir. Son illər həyata keçirilən regional inkişaf proqramları, subsidiyalar, infrastruktur layihələri və investisiya təşviqləri kənd təsərrüfatının inkişafına mühüm təkan verib.
2004-cü ildə qəbul edilən regional inkişaf proqramı bölgələrin sosial-iqtisadi həyatında mühüm dönüş yaradıb. Proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının modernləşdirilməsi, kənd yerlərində infrastrukturun yaxşılaşdırılması və əhalinin məşğulluğunun artırılması idi. Birinci beşillik proqramın uğurlu nəticələri növbəti illərdə də yeni regional inkişaf proqramlarının qəbulunu şərtləndirdi. Ardıcıllıqla həyata keçirilən bu proqramlar nəticəsində bölgələrdə yeni iqtisadi imkanlar formalaşdı, kənd təsərrüfatı sahəsində məhsuldarlıq yüksəldi və aqrar istehsal genişləndi.
Aqrar sahədə əldə olunan nəticələr dövlət dəstəyinin effektivliyini nümayiş etdirir. Subsidiyaların tətbiqi fermerlərin fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Gübrə və yanacaq güzəştləri, güzəştli kreditlər, texniki dəstək və metodiki tövsiyələr kənd təsərrüfatının inkişafına əlavə stimul verir. Dünyada nadir hallarda tətbiq olunan genişmiqyaslı subsidiya mexanizmləri fermerlərin maliyyə yükünü azaltmaqla yanaşı, istehsalın səmərəliliyini də artırır. Bu siyasət nəticəsində aqrar sahədə özəl sektorun fəallığı güclənib, kənd təsərrüfatına maraq artıb və yeni investisiya imkanları yaranıb.
Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti ilə bağlı konkret statistik göstəriciləri də diqqətə çatdırıb. Bu rəqəmlər aqrar sahədə əldə olunan uğurları və gələcək potensialı ortaya qoyur. Tərəvəz istehsalı üzrə daxili tələbatın 107 faiz səviyyəsində təmin olunması və yüz minlərlə ton məhsulun ixrac edilməsi aqrar sektorun ixrac imkanlarının genişləndiyini nümayiş etdirir. Meyvə və giləmeyvə istehsalında 140 faizlik təminat səviyyəsi, qoz-fındıq məhsulları üzrə dünyanın aparıcı dövlətləri sırasında yer alınması bu sahədə həyata keçirilən dövlət proqramlarının uğurunu təsdiqləyir.
Fındıqçılıq üzrə qəbul edilən Dövlət Proqramı nəticəsində yeni bağların salınması və ixrac həcminin artması qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir. Üzümçülük, bostan məhsulları və digər sahələrdə əldə olunan göstəricilər də aqrar sektorun böyük potensiala malik olduğunu nümayiş etdirir. Eyni zamanda heyvandarlıq sahəsində də müsbət nəticələr əldə olunub. Mal əti, quş əti, qoyun-keçi əti, yumurta və digər məhsullar üzrə daxili istehsalın yüksəlməsi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, bəzi sahələrdə idxaldan asılılığın qalması yeni investisiyalar üçün geniş imkanlar yaradır. Bitki yağları, kərə yağı, balıq məhsulları və digər istiqamətlər üzrə daxili istehsalın artırılması həm yerli sahibkarlar, həm də xarici investorlar üçün mühüm perspektivlər formalaşdırır. Dövlət başçısının vurğuladığı rəqəmlər əslində investorlara çağırış xarakteri daşıyır. Məqsəd idxal olunan məhsulların daxildə istehsalını genişləndirmək, yerli istehsalı gücləndirmək və ixrac imkanlarını artırmaqdır.
Müşavirədə xarici investorların aqrar sahəyə cəlb olunması məsələsinə də xüsusi diqqət yetirildi. Bu gün ölkənin beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, etibarlı tərəfdaş imici və sabit iqtisadi mühit xarici investisiyalar üçün əlverişli şərait formalaşdırır. Müxtəlif dövlətlərin şirkətlərinin ölkə ilə əməkdaşlığa maraq göstərməsi aqrar sektor üçün də yeni imkanlar yaradır. Xüsusilə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, innovativ istehsal üsullarının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xarici investisiyalar mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır: “Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.
Aqrar sektorun inkişafı eyni zamanda sosial rifahın yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Kənd yerlərində məşğulluğun artması, yeni iş yerlərinin yaradılması və insanların torpağa bağlılığının güclənməsi sosial sabitliyi möhkəmləndirir. Müasir infrastruktur layihələri, yolların tikilməsi, elektrik və qaz təminatının yaxşılaşdırılması, suvarma sistemlərinin genişləndirilməsi kənd həyatının keyfiyyətini yüksəldir və bölgələrin davamlı inkişafını təmin edir.
Kənd təsərrüfatı milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı fikirlər kənd təsərrüfatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji mesajlar kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlət dəstəyi, özəl sektorun fəallığı və xarici investisiyaların cəlb olunması sayəsində aqrar sahənin gələcəkdə daha böyük uğurlar əldə edəcəyi şübhəsizdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı












































