
“Azərbaycan yenə öz ənənəsinə sadiq qalaraq Türk dünyasını paytaxtında bir araya gətirdi. Dünəndən başlayaraq Türk dünyası Bakıda mühüm bir hadisəni qeyd etməklə yanaşı, eyni zamanda birlik, həmrəylik, bu coğrafiyaya daxil olan ölkələrin həmrəyliyi istiqamətində mühüm görüşlərə başladı. Türkoloji Qurultayın 100 illiyi ərəfəsində baş tutan Türk Dünyası Həftəsi eyni dilə, tarixə, keçmiş və mədəniyyətə sahib olan ölkələrin mədəni-humanitar sahədə də inteqrasiyası üçün imkan yaratmış oldu”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Türkoloji Qurultay həm də Türk dünyasının elmi həmrəyliyinin başlanğıcı hesab edilə bilər:
“Daha dəqiq desək bu, təməli 100 il əvvəl, 1926-cı ildə Bakıda Birinci Türoloji Qurultayın keçirilməsi ilə qoyulan prosesin məntiqi və nəticəyə hesablanmış davamıdır. 100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan paytaxtı Türk Dünyasının əsas lokomotiv gücü, təşəbbüskar ölkəsi kimi tanınır, qəbul edilir və ehtiram göstərilir”.
Arzuman Muradlı deyib ki, 1926-cı il, fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkoloji elmin inkişaf tarixində dönüş nöqtəsi oldu:
Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Krım, Şimali Qafqaz və digər bölgələrdən yüzlərlə alim, yazıçı və ictimai xadim iştirak etmişdi. Qurultayın əsas məqsədi türk xalqlarının dillərinin öyrənilməsi, ortaq elmi terminologiyanın formalaşdırılması, əlifba islahatları, folklorun, tarixin və mədəni irsin araşdırılması istiqamətində əməkdaşlığı gücləndirmək idi. Burada qəbul olunan qərarlar sonrakı onilliklərdə türkoloji araşdırmaların inkişafına mühüm təsir göstərmişdi”.
Arzuman Muradlı qeyd edib ki, bu gün də Türk dünyası eyni hədəflər, eyni məqsədlə üçün çalışır, birlik və həmrəylik nümayiş etdirir:
“Aradan keçən 100 il ərzində Türk dünyasının inteqrasiyasının sürətlənməsi, bu inteqrasiyanın təkcə siyasi deyil, eyni zamanda mədəni-humanitar sahədə özünü büruzə verməsi onu deməyə əsas verir ki, bir əsr əvvəl təməli qoyulmuş proses uğura doğru gedir. Bu gün universitetlər arasında əməkdaşlıq proqramları, ortaq elmi konfranslar, türk akademiyalarının fəaliyyəti, ortaq dərslik layihələri, tələbə mübadiləsi proqramları və mədəniyyət festivalları Hüseynzadənin birlik ideyasının müasir dövrdə həyata keçən nümunələridir.
Türk dövlətlərinin beynəlxalq platformalarda bir-birini dəstəkləməsi, ortaq humanitar layihələr reallaşdırması və yeni əməkdaşlıq mexanizmləri yaratması "işdə, fikirdə, əməldə birlik" prinsipinin XXI əsrdə də aktuallığını qoruduğunu göstərir”.
Süleyman











































