
"Rusiya-Ukrayna müharibəsinin 5-ci ili gedir və hərbi əməliyyatların dayandırılması üçün səbəb ola biləcək ciddi şərtlər hələ də görünmür. Rusiya müharibənin dayandırılması üçün kompleks şərtlər irəli sürür ki, bu şərtlərin də Ukrayna tərəfindən qəbul olunması mümkünsüzdür".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, müharibəni başlayan tərəf olan Rusiya müəyyən torpaq işğalından başqa qarşıya qoyulan vəzifələrin heç birinə nail olmayıb:
"Əksinə, ölkənin Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya etmək istəyi artıb Ukraynanın indiki durumda Avropa Birliyinə və NATO-ya üzv qəbul olunması real olmasa belə, Ukraynanın hərbi sənaye kompleksi böyüyüb və yeni silah və raketlərin istehsalı təmin edilib.
Ukraynanın yeni taktiki hərbi addımları və zərbələri ilə müharibənin gedişi xüsusən son bir neçə ayda fərqli məcraya yönəlir və Ukrayna Rusiyanı öz metodu ilə əldən salmağa çalışır. Müharibə başlayandan Ukraynanı zəiflətmək, yormaq və əhali arasında hökumətə qarşı narazılıq yaratmaq məqsədilə ölkənin bütün nəqliyyat, enerji və digər infrastruktur obyektləri mütəmadi olaraq hücumlara məruz qalır. Müəyyən texnoloji imkanları mənimsəyən və onların istehsalını həyata keçirən Ukrayna da artıq məhz bu məqsədlərə nail olmaq üçün Rusiyanın dərinliklərinə nüfuz edərək, bu ölkənin neft emalı və hərbi sənaye müəssisələrini hədəfə almaqdadır. Zərbələr öz nəticələrini verməkdədir. Neft ölkəsi olan Rusiyada yanacaq qıtlığı yaranmışdır və əhali Ukrayna ilə sülh münasibətlərinin qurulmasını artıq daha çox dilə gətirməyə başlayıb".
Elçin Ağamalının sözlərinə görə, Ukrayna tərəfindən həyata keçirilən dron və raket hücumlarının Rusiyanı güzəştə getməyə məcbur edib-etməyəcəyi sualına birmənalı cavab vermək isə çətindir:
"Düşünürəm ki, bütün halda Rusiya əldə etdiyi ərazilərdən imtina etməyəcəkdir. Digər tərəfdən müharibə dayansa belə bu atəşkəs daimi olmayacaqdır və tərəflərin yenidən təşkilatlanması və silahlanması üçün tərəflərə zaman qazandıracaqdır. Həmçinin düşünürəm ki, Ukraynanın hücumları daha intensiv xarakter alarsa Rusiyanın cavab addımları daha aqressiv şəkil ala bilər ki, bu da geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Rəsmi Moskvanın Ukrayna iddialarından indiki siyasi hakimiyyətin mövcudluğunda geri addım atacağını düşünmürəm".
Süleyman












































