
Cari ilin aprel ayında yağan intensiv yağışlar nəticəsində yaranan sel suları Qusar–Həzrə avtomobil yolunun Yasab kəndindən keçən hissəsində ciddi dağıntılara səbəb olmuş, yolun bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Hazırda həmin ərazidə yolun yenidən qurulması və bərpası işləri sürətlə davam etdirilir.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Badamov bu gün ərazidə aparılan tikinti-quraşdırma işləri ilə yerində tanış olub. İş icraçılarının verdiyi məlumata əsasən, bərpa işlərinin yaxın 1–2 ay ərzində tam başa çatdırılması nəzərdə tutulur. Yol istifadəyə verildikdən sonra sakinlər və nəqliyyat vasitələri bu marşrutdan təhlükəsiz və rahat şəkildə istifadə edə biləcəklər.

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamlarına uyğun olaraq, güclü yağışlar və sel sularının vurduğu ziyanın aradan qaldırılması məqsədilə müvafiq maliyyə vəsaiti ayrılıb. Ayrılmış vəsait hesabına rayon ərazisində zərər görmüş yol və digər infrastruktur obyektlərinin bərpası, möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
Aparılan bərpa tədbirləri rayon sakinlərinin təhlükəsiz hərəkətinin təmin olunmasına, nəqliyyat infrastrukturunun dayanıqlılığının artırılmasına və təbii fəlakətin yaratdığı fəsadların qısa müddətdə aradan qaldırılmasına xidmət edir.
Süleyman











































