Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və Vaşinqton tarixin heç bir dövründə olmadığı qədər qlobal təhlükəsizliyin təminatçıları kimi çıxış edirlər

Bakı və Vaşinqton tarixin heç bir dövründə olmadığı qədər qlobal təhlükəsizliyin təminatçıları kimi çıxış edirlər


"Cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Prezident Donald Trampa ünvanladığı təbrik məktubu, sadəcə, diplomatik protokol xarakteri daşımır. Bu əlamətdar gündə Bakıdan gələn bu güclü mesaj həm də yaxın onilliklərdə Cənubi Qafqazın geosiyasi arxitekturasının tamamilə sabitlik və inkişaf üzərində dizayn edildiyini aydın şəkildə nümayiş etdirir. Bu sənəd həm də Cənubi Qafqazda formalaşan yeni nizamın, Bakı-Vaşinqton xəttindəki keyfiyyətcə yeni mərhələnin və qlobal iqtisadi-logistik layihələrin rəsmi xəritəsi hesab oluna bilər".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, iki ölkə arasındakı münasibətlərin dinamikası artıq klassik enerji diplomatiyasının hüdudlarını aşaraq rəqəmsal gələcəyi və dayanıqlı regional sülhü əhatə edən çoxşaxəli bir arxitekturaya çevrilmişdir:

"Dövlət başçımızın məktubunda bəyan etdiyi ən mühüm məqamlardan biri, iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlığın hüquqi təməllərinə edilən fundamental istinaddır. Məlumdur ki, fevral ayında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bu əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Əgər ötən onilliklərdə tərəfdaşlıq əsasən regional təhlükəsizlik və 1994-cü ilin "Əsrin Müqaviləsi" ilə əsası qoyulan enerji layihələri üzərində qurulmuşdusa, yeni Xartiya iqtisadiyyat, enerji və bağlantı xətləri ilə yanaşı, rəqəmsal transformasiya və süni intellekt kimi futuristik sahələri də tərəfdaşlığın nüvəsinə yerləşdirir. Bu isə Bakı və Vaşinqtonun qlobal texnoloji çağırışlara eyni strateji müstəvidən baxdığını sübut edir".

Deputat qeyd edib ki, məktubda regionun yaxın tarixinə işıq salan və ən çox diqqət çəkən digər siyasi detal isə Ağ Evdə Prezident Donald Trampın təşəbbüsü ilə keçirilmiş tarixi üçtərəfli görüşə edilən istinaddır:

"Prezident İlham Əliyevin məktubunda yer alan "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət məmnuniyyətləri qururlar" ifadəsi Cənubi Qafqazda de-fakto sülhün və iqtisadi inteqrasiyanın başladığının rəsmi bəyanıdır. Vaşinqtonun bu prosesdəki qətiyyətli vasitəçilik missiyası regionda kənar konyunkturların deyil, birbaşa tərəflərin maraqlarına və regional sabitliyə əsaslanan balanslı siyasətin uğurudur. ​Məktubda bu sülh atmosferinin real iqtisadi bəhrəsi kimi isə ABŞ-nin dəstəklədiyi və Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək irihəcmli regional infrastruktur layihəsinin təkcə region üçün deyil, qlobal ticarət üçün əhəmiyyəti qeyd edilir. Sirr deyil ki, ABŞ-nin bu marşrutun reallaşmasına göstərdiyi davamlı dəstək Azərbaycanın trans-regional logistik hab kimi beynəlxalq nüfuzunu köklü şəkildə möhkəmləndirir".

Bəhruz Məhərrəmov onu da qeyd edib ki, Prezident İlham Əliyevin mesajında istifadə etdiyi ritorika və diplomatik dil isə Azərbaycanın xarici siyasətindəki özünəəminliyi və strateji tərəfdaşa verilən yüksək dəyəri əks etdirir:

"İstiqlaliyyət Bəyannaməsinin dünyada yeni nizamın qurulmasına təkan verdiyinin vurğulanması və Prezident Trampın daxili və xarici siyasətdəki "əzm və qətiyyətinə" edilən xüsusi diqqət iki lider arasındakı güclü siyasi dialoq sinerjisindən xəbər verir. Məhz bu sinerjinin nəticəsidir ki, bu gün Bakı və Vaşinqton tarixin heç bir dövründə olmadığı qədər qlobal təhlükəsizliyin təminatçıları, transmilli iqtisadi layihələrin ortaqları və texnoloji gələcəyin tərəfdaşları kimi çıxış edirlər".

Süleyman
Xəbəri paylaş