Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kosmik xidmətlər dayanıqlı iqtisadi inkişaf üçün vacib faktorlardan birinə çevrilməkdədir

Kosmik xidmətlər dayanıqlı iqtisadi inkişaf üçün vacib faktorlardan birinə çevrilməkdədir



“Kosmos Sülh Üçün” prinsipinə uyğun olaraq Azərbaycan kosmik xidmətləri ilə regionda sülhün güclənməsinə xüsusi töhvə verir. Kosmik xidmətlər həmçinin dayanıqlı iqtisadi inkişaf üçün vacib faktorlardan birinə çevrilməkdədir.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov, Çinin paytaxtı Pekində keçirilən Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu çərçivəsində təşkil edilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

Millət vəkili çıxışı zamanı ölkəmizdə kosmik sənayenin inkişafı və bu sahədə beynəlxalq əlaqələrə toxunaraq dövlət-özəl əməkdaşlığı imkanları barədə məlumat verib:

"Rəqəmsal inkişaf ilə bağlı son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və əldə edilən uğurlar da təqdim olundu və bu istiqamətdə özəl sektorun daha yaxından iştirakı məsələlərinə toxunuldu. Həmçinin Azərbaycanda qanunvericiliyin daha da gücləndirilməsi ilə bağlı görülən işlər barədə iştirakçılar məlumatlandırdım".

Azərbaycanda kosmik xidmətlərə gəldikdə, millət vəkili bildirib ki, Azərkosmos "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında yerləşən 50-dək ölkədən 200-ə yaxın müştəriyə xidmət göstərir:

"2026-cı ilin yanvar–avqust aylarında dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə 17,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Azərbaycanın kosmik xidmətlərindən daha çox istifadə edən dövlətlərə gəldikdə isə, həmin dövrdə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon dollar ilə Birləşmiş Krallıq, 2,1 milyon dollar ilə Lüksemburq, 874,7 min dollar ilə Türkiyə, 776,5 min dollar ilə Pakistan və 437,2 min dollar ilə Tanzaniya qərarlaşıb".

Daha sonra deputat iştirakçıların kosmik sahədə dövlət siyasəti, dövlət-özəl tərəfdaşlığı ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.

Süleyman
Xəbəri paylaş