Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.

Newscenter.az müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

-Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm.

Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi.

Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə mənim Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi.

Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.

Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir.

Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.

Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.

-İqtisadi-ticari münasibətlərin əsas nəticələri, istiqamətləri və inkişaf potensialı hansılardır?

-Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.

Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən "ROX Group" bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "ROX Group" ilə müvafiq sənədlər imzalanıb.

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.

Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək.

-Humanitar, təhsil və mədəni əlaqələr ölkələrimizin bir-birinə yaxınlaşmasında hansı rol oynayır və bu prosesə hansı təşəbbüslər imkan yaradır?

-Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib.

Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib.

Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər.

Sevindirici haldır ki, bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib.

Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı: dördüncü festival ilk dəfə olaraq iki şəhəri - Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın "Gün doğarkən" şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu.

Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün "Vyetnam süitası"nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və ölkənizə bir neçə kitab həsr edib. Onlardan biri – "Vyetnamda gördüklərim" Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib.

Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən "Yaqi" fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.

-Vyetnama qarşıdakı səfərinizdən gözləntiləriniz nələrdir?

-Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.

Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.

Anar
Xəbəri paylaş