
“Hər bir ölkə kimi Azərbaycan da müasir çağırışlara uyğun olaraq idarəetmə sistemini təkmilləşdirməyə, rəqəmsallaşma, innovasiya sistemlərinin inkişaf etdirilməsi, idraəetmə sisteminin müxtəlif istiqamətlərində süni intelektdən istifadəyə hədəflənib və bu sahədə müəyyən addımlar atır. Ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edilib. Bu günlərdə Rəqəmsal İnkişaf Şurasının onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə ilk iclasının keçirilməsi də məhz sözügedən Fəaliyyət Planının icra vəziyyətini öyrənmək və qarşıdakı müddətdə bu istiqamətdə görüləcək işləri müəyyənləşdirməkdən ibarət idi”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır:
“Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir”.
Rəqəmsal İnkişaf Şurasına Mehriban xanımın təyinatının uğurlu seçim olduğunu da diqqətə çatdıran Arzuman Muradlının sözlərinə görə, Onun həm Milli Məclisin deputatı olduğu illərdə, həm də Birinci vitse-prezident kimi zəngin idarəçilik təcrübəsi var:
“Xüsusilə, onu vurğalaq lazımdır ki, Mehriban xanım Əliyeva ötən illərdəki fəaliyyəti ilə xalqın yüksək etimadını və inamını qazanıb. Məhz qeyd etdiyim nüanslar onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası qarşıya qoyulan bütün hədəflərə nail olacaq və ölkənin rəqəmsallaşdırılması, idarəetmə sisteminin innovasiyalaşdırılması, Süni İntelektin tətbiqi kimi məsələlər yüksək peşəkarlıqla həlini tapacaq”.
Arzuman Muradlı onu da diqqəət çatdırıb ki, bugün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonunda bir neçə mobil tətbiqdən istifadə edir:
“Dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş–məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində işlər davam etdirilir. Ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Onun sözlərinə görə, rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır:
“Planın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu yanaşma çərçivəsində bəzi xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək”.
Süleyman











































