Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın "yumşaq güc" taktikası və media diplomatiyası

Azərbaycanın  "yumşaq güc" taktikası və media diplomatiyası



Azərbaycanın mədəniyyət paytaxtı bu gün IV Şuşa Qlobal Media Forumuna ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən 160-dan çox tanınmış jurnalist və ekspertlərin qatıldığı bu bu tədbir artıq beynəlxalq miqyaslı mediaforumlardan biri kimi qəbul edilir. Daha dəqiq desək, Şuşa Qlobal Media Forumu artıq Azərbaycanın beynəlxalq brendlərindən birinə çevrilib. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən bu forum Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqların təqdimatı üçün ən uğurlu platformalardan biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin forumun işində iştirak etməsi və xarici media nümayəndələri ilə açıq və səmimi təmasları, dialoqları, açıqlamaları da Şuşa Forumunun dəyişməz ənənəsinə çevrilib. Və bu ənənənin ən önəmli cəhəti də budur ki, dövlətimizin başçısı media nümayəndələrinin bütün suallarını açıq söhbət formatında cavablandırır, onları maraqlandıran məsələlər haqqında şərhlər verir, Azərbaycanın yanaşmalarını təqdim edir. Bu isə ona görə əhəmiyyətlidir ki, əvvəllər ölkəmizlə bağlı, eləcə də keçmiş "Qarabağ məsələsi" ilə bağlı, adətən, qərəzli və birtərəfli məlumatlar yayan xarici KİV-lərin nümayəndələri indi artıq bütün prosesləri birbaşa yerindəcə izləmək imkanı əldə edir, 30 ilə yaxın davam edən işğalın ağır nəticələrini və eyni zamanda, postmüharibə dövründə Azərbaycanın apardığı böyük quruculuq və bərpa işlərini əyani şəkildə görür və müqayisələr apara bilirlər. Ən əsası isə, jurnalistlər Azərbaycanın birinci şəxsinin ağzından bütün aktual məsələlərlə bağlı çevik məlumat ala bilirlər.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış hissəsindəki çıxışında səsləndirdiyi fikirlər isə bu tədbirin davamlı olaraq keçirilməsinin əsas məğzinə, məqsədinə tam aydınlıq gətirir. Dövlətimizin başçısı bəyan etdi ki, forum qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə, həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına və eyni zamanda, qonaqların Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinə xidmət edir. Bəli, məqsəd dünyanın müxtəlif guşələrindən gələn media nümayəndələri üçün açıq dialoq mühiti yaratmaq və onları azad Qarabağdakı yeni reallıqlarla yaxından tanış etməkdir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş bərpa-quruculuq işlərinin, eləcə də erməni vandalizminin nəticəsində dağıdılıb talan edilmiş mədəni irsimizin bərpasının və "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesinin davamlı xronikasının beynəlxalq auditoriyaya birbaşa çatdırılması üçün bu cür qlobal platformaların təşkil edilməsi həqiqətən də mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bir daha bəyan etdi ki, bu gün bizim əsas gündəliyimiz dayanıqlı inkişafın təmin edilməsi, Qarabağın bərpası, yenidən qurulması və layihələrimizin yekunlaşdırılmasıdır. Azərbaycanın bölgədə yaratdığı yeni inkişaf modeli və sülh gündəliyi bütün Cənubi Qafqazın gələcək taleyini müəyyən edir. Şuşa Qlobal Media Forumu isə regiondakı yeni inkişaf modelinin və sülh çağırışlarının beynəlxalq auditoriyaya çatdırılmasında çox önəmli rol oynayır. Bu tədbir Azərbaycanın öz həqiqətlərini "yumşaq güc" taktikası və media diplomatiyası ilə dünyaya çatdırması üçün ən effektiv platformalardan biridir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş