
İyulun 11-də Almaniyanın Neuss şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə ənənəvi Mədəniyyət Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərinin təqdim olunduğu festivalda Umut Yıldızı Dərnəyi də xüsusi stendlə təmsil olunub.
Bu barədə saytımıza Almaniyada yaşayan diaspor fəalı, Umut Yıldızı Dərnəyinin nümayəndəsi Rəna Nizami məlumat verib.

Onun sözlərinə görə, dərnəyin təşkil etdiyi stenddə Azərbaycanın zəngin milli mətbəxini əks etdirən müxtəlif təamlar və şirniyyatlar nümayiş etdirilib. Festival iştirakçıları Azərbaycan mətbəxinin özünəməxsus dadı və ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Tədbir çərçivəsində ziyarətçilərə Umut Yıldızı Dərnəyinin fəaliyyəti, Almaniyada həyata keçirdiyi sosial və mədəni layihələr, eləcə də Azərbaycanın tarixi, mədəni irsi və milli dəyərləri barədə ətraflı məlumat verilib. Dərnəyin üzvləri qonaqların çoxsaylı suallarını cavablandıraraq, ölkəmizin zəngin mədəniyyəti və milli ənənələri haqqında maarifləndirici söhbətlər aparıblar.

Rəna Nizami bildirib ki, festival müxtəlif xalqlar arasında mədəni dialoqun gücləndirilməsi, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycanın bu cür beynəlxalq tədbirlərdə layiqincə təmsil olunması ölkəmizin zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin xaricdə tanıdılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Neuss şəhərində hər il keçirilən ənənəvi Mədəniyyət Festivalında müxtəlif ölkələrin diaspor təşkilatları və mədəniyyət birlikləri iştirak edir, milli mədəniyyətlərini, mətbəxlərini və adət-ənənələrini təqdim edirlər.
Süleyman












































