
İran və İsrail hazırda bir-birilə qatı düşmən mövqelərdə olsalar da, lakin bir-birinə çox bənzəyirlər. Hər ikisinin ən başlıca ortaq cəhəti budur ki, İran da, İsrail də radikal dinçi və millətçi dövlətdir. İranı da, İsraili də radikal dinçi-millətçi siyasi qüvvələr idarə edirlər. Xamenei rejimi kimi Netanyahu rejimi də qatı dini və ultramillətçi mövqedən çıxış edir. Bu iki ölkənin bir-birinə qarşı aqressiv, ədavətli münasibətinin əsas səbəblərindən biri də məhz bundan qaynaqlanır.
Ancaq paradoksal məqam isə budur ki, son İran-ABŞ+İsrail müharibəsindən sonra İran cəmiyyəti Xamenei rejiminin ətrafında daha sıx birləşdi. Xarici təhlükə fars-molla rejiminin əleyhdarlarını müvəqqəti də olsa rejimlə həmrəylik nümayiş etdirməyə sövq etdi. Ancaq eyni müharibənin İsrail üçün nəticələri isə tamamilə fərqli oldu. Belə ki, hal-hazırda İsraildə Netanyahuya etimadsızlıq getdikcə artır. Bu gün israillilərin 60 faizi Netanyahuya etimadsız yanaşır. İsrailin "Channel 12" telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ölkə vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun fəaliyyətinə etibar etmir.
Araşdırmaya görə, respondentlərin 60 faizi Netanyahuya etimad göstərmədiyini bildirib. Sorğuda iştirak edənlərin 38 faizi isə baş nazirə güvəndiyini deyib. Sorğunun nəticələri göstərir ki, israillilərin təxminən üçdə ikisi hakim koalisiyanın qanunvericilik təşəbbüslərinin, o cümlədən ultraortodoks yəhudilərin hərbi xidmətdən yayınmasına imkan verən qanun layihələrinin növbəti parlament seçkilərində onların səsvermə qərarına mənfi təsir edəcəyini düşünür. İki ölkənin siyasi strukturları arasındakı ideoloji oxşarlıqlar və bu oxşarlıqların yaratdığı fərqli nəticələr həqiqətən də siyasi ekspertlərin, sosioloqların diqqət mərkəzində olan bir mövzudur. Bir tərəfdə qatı dini-millətçi ideologiyanın formalaşdırdığı "güzgü effekti", digər tərəfdə isə müharibənin daxili siyasi rəylərə təsirinin fərqli istiqamətlərdə olması – olduqca diqqətəlayiqdir.
Həm İranın (teokratik-avtoritar), həm də İsrailin (parlamentar-demokratik) idarəçilik sistemləri ilk baxışdan tam fərqli görünsələr də, mövcud idarəetmə modelləri ideoloji cəhətdən bir-birinə bənzər qütbləşməyə meyillidir. Lakin, müharibə və xarici təhlükə şəraitində cəmiyyətlərin reaksiyası tamamilə fərqli istiqamətlərə yönəlir. Bunun da bir neçə əsas səbəbi var. Söhbət ilk növbədə molla rejiminin fəal təbliğat kampaniyası nəticəsində toplumun bütün kəsimlərinin "milli bayraq ətrafında birləşmə"si fenomenindən gedir. Bu baxımdan, İranda Xamenei rejiminin müharibə şəraitində daha da güclənməsi təəccüblü deyil, çünki avtoritar sistemlər xarici təhlükə faktorundan daxili ziddiyətləri ört-basdır edib milli birlik yaratmaq üçün bir vasitə kimi istifadə edir.
Ancaq İsraildəki vəziyyətin tam əksinə olması, ölkənin demokratik strukturu ilə birbaşa bağlıdır. Müharibə, hökumətin təhlükəsizlik siyasətinin və kompetensiyasının sınağına çevrilir. Netanyahu üçün 60%-lik etimadsızlıq reytinqi müharibənin nəticələri ilə yanaşı, həm də ultraortodoks (qatı dindar) yəhudilərin hərbi xidmətdən yayınması kimi sosial ədalətsizlik məsələləri ilə bağlıdır. Müharibə dövründə cəmiyyətin yükü artdıqca, hakimiyyətin bu yükü ədalətsiz bölüşdürməsi daxili narazılığı alovlandırır. Netanyahunun ölkəni davamlı müharibə vəziyyətinə gətirib çatdırması amili də onun hökumətinin reytinqinə ciddi şəkildə mənfi təsir göstərir.
Nəticə etibarilə, bir-biri ilə barışmaz düşmən vəziyyətində olan bu iki ölkənin oxşar və fəqli cəhətləri ilə bağlı iki fərqli sonuc ortaya çıxır. İran üçün xarici təhlükə "olum, ya ölüm" savaşı (rejimin ayaqda qalması) kimi qəbul edilir və bu, cəmiyyəti bir araya gətirir. İsrail üçün isə müharibə idarəetmə və etimad sınağı kimi qəbul edilir. Ən vacib paradoks isə odur ki, İranın da, İsrailin də hakim dini-millətçi ideologiyaları bir-birini bitirməyə çalışsalar da, lakin bununla yanaşı, bir-birilərinin ayaqda qalmalarına yardımçı olurlar. Başqa sözlə desək, İran və İsrail bir medalyonun iki üzüdür. Məhz bu iki dövlətin davakar siyasəti üzündən bütün region uzun illərdir ki, əziyyət çəkir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































