
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MİRAS və DEARSAN şirkətlərinin birgə istehsal müəssisəsini ziyarəti zamanı ictimaiyyətə rəsmən təqdim edilən KAYRA və SALVO pilotsuz dəniz dronları Türkiyənin DEARSAN tərsanəsi tərəfindən layihələndirilmiş və Azərbaycan ilə müştərək olaraq yerli istehsalına başlanmış kamikadze tipli suüstü dəniz vasitəsidir.
Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, məhsullar hərbi təyinatlıdir və yenidir, detallı taktiki-texniki göstəriciləri (çəkisi, sürəti və mənzili) açıqlanmayıb:
"Hər ikisi kamikadze (zərbə) tipli pilotsuz suüstü vasitədir. Daxilinə yerləşdirilən yüksək partlayıcı gücə malik döyüş başlığı ilə düşmənin suüstü gəmilərini, liman infrastrukturunu və sahildəki strateji obyektlərini birbaşa toqquşma yolu ilə məhv etmək üçün nəzərdə tutulub.

Hər iki dron gəmidən və ya sahildəki mobil idarəetmə stansiyasından, yəni uzaq məsafədən, həm də bir neçə avtonom rejimdə idarə edilir".
Ədalət Verdiyev qeyd edib ki, dəniz dalğaları arasında çətin seçilməsi və radara görünmə əmsalının endirilməsi üçün xüsusi gövdə strukturuna və minimal profil dizaynına malikdir:
"Bu, onun düşmən müdafiə xəttini yararaq hədəfə maksimum yaxınlaşmasını təmin edir.
Süni intellekt elementləri ilə sürü şəklində idarə olunan bu dronlar Xəzər dənizində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əməliyyat və asimetrik zərbə imkanlarını xeyli artıracaq".
Süleyman












































