Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib

Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib


Milli Məclisin sədri Sahibə Qafarova Latın Amerikası və Karib Hövzəsi Ölkələri qrupu GRULAC-ın təşkilatçılığı ilə Argentinanın Buenos-Ayres şəhərində keçirilən “Texnoloji transformasiya, siyasi parçalanma və demokratik etimad böhranı qarşısında parlamentlərin rolu” mövzusuna həsr olunmuş Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda xüsusi qonaq qismində onlayn çıxış edib.

Newscenter.az-ın məlumatına görə. parlamentin sədri bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar dövlət təsisatlarının fəaliyyətini və onların vətəndaşlarla qarşılıqlı münasibətlərini köklü şəkildə dəyişir. O deyib ki, bu proses parlamentlər üçün böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyətlər yaradır. Rəqəmsallaşmanın parlamentlərin şəffaflığını və əlçatanlığını artırdığını vurğulayan spiker, texnologiyaların heç bir halda cavabdehliyi, siyasi dialoqu və güclü institusional strukturları əvəz edə bilməyəcəyini diqqətə çatdırıb.

Çıxışında Azərbaycanın bu sahədəki geniş təcrübəsindən bəhs edən parlamentin sədri bildirib ki, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya siyasəti Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası tərəfindən uğurla koordinasiya olunur. Sahibə Qafarova vurğulayıb ki, Milli Məclis hüquqi bazanı ardıcıl olaraq möhkəmləndirir, elektron sənəd dövriyyəsi, elektron səsvermə və qanunvericilik izləmə sistemlərindən fəal istifadə edir. O deyib ki, qəbul edilən yeni qanunvericilik aktları ictimai müzakirələrin və parlament dinləmələrinin də elektron formatda keçirilməsinə tam hüquqi zəmin yaradır.

Spiker qeyd edib ki, texnologiya yalnız bir vasitədir və cəmiyyətdə demokratik etimadın səviyyəsi bu vasitədən necə istifadə olunmasından bilavasitə asılıdır.

Milli Məclisin sədri bildirib ki, texnoloji transformasiyanın gətirdiyi çətinliklər hər bir regiona və parlamentə təsir göstərir, lakin bütün parlamentlər eyni tədqiqat və rəqəmsal resurslara malik deyillər.

O deyib ki, süni intellekt, kibertəhlükəsizlik və məlumatların qorunması kimi sərhəd tanımayan qlobal çağırışlarla heç bir parlament təkbaşına mübarizə apara bilməz və bu baxımdan dünyada ən geniş təmsilçiyə malik beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaq (PAİ) mühüm platforma rolunu oynayır.

Spiker vurğulayıb ki, PAİ fərqliliklərə baxmayaraq, parlamentlər arasında əməkdaşlığı təmin etməli və konsensusun daha erkən mərhələdə qurulmasına kömək etməlidir. O qeyd edib ki, süni intellektin bərabərsizliyi dərinləşdirmədən və insan məsuliyyətini zəiflətmədən demokratik təsisatları necə gücləndirə biləcəyi məsələsi PAİ-nin çərçivəsində təşkil olunacaq müntəzəm dialoqların ilk müzakirə mövzularından biri olmalıdır.

Parlament sədri diqqətə çatdırıb ki, bütün üzv parlamentlər bərabər hüquqlara malik olsalar da, onların tədqiqat imkanları və texnologiyaya çıxışı eyni deyil. Bu səbəbdən PAİ parlamentləri universitetlər və ekspertlərlə əlaqələndirərək bilik mübadiləsi vasitəsilə bu fərqi aradan qaldırmalıdır.

Çıxışına yekun vuran Mili Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, beynəlxalq parlament platformalarının əsas gücü onların müxtəlifliyindədir və bu müxtəliflikdən qlobal etimadı bərpa etmək üçün istifadə olunmalıdır.

Süleyman
Xəbəri paylaş