Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ruhlarına xoş olmayan addımlardan çəkinməliyik

Şəhid ruhlarına xoş olmayan addımlardan çəkinməliyik


"Minilliklər əvvəl bu torpaqlarda yaşayan əcdadlarımız Qobustanda, Gəmiqayada və başqa məkanlarda öz həyat tərzlərii, gündəlik yaşamları, inancları və dünyagörüşləri barədə məlumat verən qayaüstü təsvirlər cızıblar, həkk ediblər. Həmin cizgilər, təsvirlər, rəsmlər zamanın sınağından çıxaraq günümüzə qədər gəlib çatıb və tarixi irsimizin simvoluna çevrilib. Ancaq bu gün Şuşada, qayaların üzərində yazılan adları, işarələri isə qədim əcdadlarımızın miras qoyub getdikləri qayaüstü təsvirlərlə qətiyyən müqayisə etmək olmaz".

Newscenter.az
xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bəzi turistlərin qayaların üzərinə cürbəcür yazılar yazması, şəkillər çəkməsi məhəlli vandalizmdir:

"İkinci Qarabağ müharibəsində canlarını Vətən yolunda fəda edən şəhidlərimizin adlarının sözügedən qayaların üzərində yazılması da bəyəniləsi, təqdir olunası addım deyil. Bunu kimin etməsindən asılı olmayaraq, zənnimcə, bu məsələdə hamımız ortaq, vahid mövqedən çıxış etməliyik. Əziz şəhidlərimizin adlarını savaş şahidi olan qayaların üzərində yazmaqla nə o qayaların tarixi əhəmiyyəti artmır, nədəki şəhidlərin statusu, hörməti, izzəti artmır. Onların adlarını qayalara yazmaq, sal daşlara şəkillərini yapışdırmaq şəhidlərimizin əziz xatirəsinə layiq hərəkət deyil".

Komitə sədri qeyd edib ki, şəhidlərimizin adlarının, xatirələrinin əbədiləşdirilməsi məsələsində dövlətimiz və millətimiz eyni mövqedən çıxış etməlidir. Bu məsələdə emosional yanaşma olmamalıdır:

"Bu işlər vahid konsepsiyaya, qaydalara əsasən həyata keçirilməlidir. Hər bir şəhidimizin şərəfinə xatirə kompleksi yaradıla bilər, onların adlarını məktəblərə, küçə və meydanlara, parklara vermək olar. Biz şəhidlərimizin qəhrəmanlığını dərsliklərdə, verilişlərdə, bədii əsərlərdə təbliğ etməliyik. Yəni ki, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası naminə canlarını qurban vermiş igid oğullarımızın adları şəhid ucalığına, şəhid müqəddəsliyinə uyğun əbədiləşdirilməlidir. Dövlətimiz bu istiqamətdə lazımi işləri görür. Belə ki, şəhidlərimizin bir çoxunun adları artıq əbədiləşdirilib.
Bu proses bundan sonra da davam etdiriləcək. Ona görə də bu məsələdə ayrı-seçkiliyə və özfəaliyyətə yol vermək lazım deyil. Kim daha cəld və daha fəaldırsa, o gedib öz şəhid övladının və ya şəhid qardaşının adını Şuşada qayalara yaz(dır)mağa cəhd göstərməməlidir. Həm Birinci Qarabağ müharibəsi və işğal dövründə, həm də Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük müharibə və antiterror əməliyyatı zamanı minlərlə hərbçimiz, könüllümüz şəhadətə qovuşub. Əgər onların hamısının adlarını Şuşa qayalıqlarının üzərinə və Şuşa qalasının divarlarına rəngbərəng boyalarla yazmağa başlasaq, dünyada bənzəri olmayan mənzərə yaranar. Və buna bütün dünyada vandalizm kimi yanaşarlar. Biz yaxşı işlərdə fərqlənməliyik və şəhid ruhlarına xoş olmayan addımlardan da çəkinməliyik".

Süleyman
Xəbəri paylaş