Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Televiziyaya baxmağa insanlarda hövsələ qalmayıb

Televiziyaya baxmağa insanlarda hövsələ qalmayıb


İnsanların televizora az baxmasının yaxud heç baxmamasının bir neçə səbəbi var. İlk səbəb vaxtın məhdudluğudur. Qeyri - standart və natamam həyat tərzi, nizamsız iş rejimi, ailə qayğıları, yoxsulluq və çarəsizlik adamların özünə asudə vaxt ayırmasını mümkünsüz edir. Çox adamın da ya ümumiyyətlə televizoru yoxdur yaxud da nataraz və qeyri - stabil verilən elektrik səbəbi ilə xarab olub, düzəltirməyə də nə həvəsi nə də imkanı var. İnternetin aylığını güclə ödəyən adamlar üstəlik də televiziya xəttinə görə əlavə məbləğ ödəmək imkanında deyillər.

Ən vacib məsələ isə televiziyada ailə institutunun məhvinə yönəlmiş pozğun, əxlaqı pozan, bayağı, milli və mənəvi dəyərlərə, ənənələrə zidd verilişlərin, serialların, tamaşaların təbliğat kampaniyasının vüsət almasıdır. Adamlar istəmir uşaqlarının tərbiyəsi pozulsun. Bəzən ailə ilə oturub televizora baxdığın yerdə elə tərbiyəsiz söz işlədirlər yaxud elə ədəbsiz danışıqlar verirlər ki, adam xəcalət çəkir və dərhal kanalı dəyişməli olursan. Belə şeylər camaatın televiziyaya marağını öldürüb.

Bir də ki, internet, sosial şəbəkələr adamların diqqətini daha çox çəkir. Çünki orada izlədikləri proqramların altından münasibətlərini bildirə bilirlər. Bəlkə də emosialarını ifadə edib ürəklərini boşaldıb müəyyən qədər rahatlaşırlar. Televoziya proqramında isə münasibət bildirmək olmur.

Adamlar sosial şəbəkələrə aludədir. Bekarçılıq, işsizlik, nizamsızlıq və ümidsizlik son bir ümid işığı gözləntisi ilə insanları sosial şəbəkələrə çəkir. Can verən adamın gözü qapıda qaldığı kimi kasıb və çarəsiz sinfin də gözü sosial şəbəkələrdədir ki, bəlkə sevindirici, ümidverici bir xəbər var. Birdən uşaqpulu verilər bilmərəm. Birdən pensiya yaşını aşağı salarlar bilmərəm. Birdən maaşlar artar xəbərim olmaz. Birdən qiymətlər enər gec eşidərəm. Birdən yeni iş yerləri açılar bilmərəm. Birdən kasıb ailələrin uşaqlarına bayramda ət almaq üçün pul paylayarlar, bilmərəm...

Artıq televizora baxmağa camaatda hövsələ də qalmayıb. O qədər qayğı, problem var ki, gözünü televizora çevirən kimi həmin problemlər gəlib durur ekranla gözünün arasında...

Uzaqdan baxana döyüş asan gəlir. Camaat həm də televizora ona görə baxmır ki, o televizor indiyəcən sosial təminatla bağlı bircə sevindirici xəbər verməyib. Yalnız Tarif şurası suyun, işığın qiymətini qaldırdı, qaza limit tətbiq edildi, filankəs filankəsi bıçaqladı, filan kənddə qoyun haçabaş bala doğdu...

Kimə lazımdır cəmiyyətin qanını qaraldan, əxlaqını pozan televiziya verilişləri yaxud ümid öldürən qara xəbərlər? Onsuz da qara gündədi, hələ bir də sənin qara xəbərinə qulaq asacaq?

Tural İrfan
Xəbəri paylaş