
NTD komandasının 15 yaşlı basketbolçusu Yusif Hüseynli AzB.az-a müsahibə verib.
Newscenter.az xəbər verir ki, ABL-də debütünü iki həftə əvvəl edən gənc basketbolçu NTD-nin “Ordu” ilə qarşılaşmasında ilk xallarını - toplam 7 xal toplayıb. O, müsahibəsində fərdi çıxışını, peşəkar basketbola uyğunlaşma prosesini, gələcək hədəflərini və sevimli basketbolçularını açıqlayıb.
– 7 xal topladın. Bu oyunu özün üçün necə dəyərləndirərdin?
– Fərdi performansım o qədər də pis deyildi. Bunun üçün çox çalışmışam. Komanda olaraq da çox məşq etmişik. Bu gün yaxşı çıxış etmək və istədiklərimi reallaşdırmaq üçün əlimdən gələni etdim.
– Baş məşqçi Tahir Baxşıyev oyunun gedişində dəfələrlə sənə “böyük oyna” deyirdi. Həm onun, həm də komanda yoldaşlarının atışların zamanı sevinməsi sənə necə təsir göstərir?
– Bu, məndə çox yaxşı təəssürat yaratdı. Xal toplamaq, həm özümün, həm də komanda yoldaşlarımın buna sevinməsi çox xoş idi. Komandada hamının arxamda olduğunu, mənə dəstək verdiklərini hiss etdim. İlk xallarımı atanda məni tək qoymadılar, mənimlə birlikdə sevindilər. Bu, mənim üçün çox önəmli idi.
– İki həftə əvvəl debüt etmisən və artıq ikinci oyuna çıxmısan. ABL-də təcrübəli basketbolçulara qarşı oynamaq səni qorxutmur?
– Əlbəttə, ilk dəfə oynayanda bir qədər həyəcanlı idim. İndi isə artıq üçüncü oyunum olub. Oyunlar keçdikcə təcrübə qazanıram və həyəcanım azalır. Özümü daha rahat hiss edirəm.
– Cəmi 15 yaşın var. Həm məktəbi, həm də basketbolu necə balanslaşdırırsan?
– Məktəb və basketbolu birlikdə balanslaşdırmaq, əlbəttə, çətindir. Amma bunun üçün çox çalışıram. Müəllimlərim də mənə çox kömək edirlər. Səhər məktəbdə oluram, sonra məşqə gəlirəm. Axşam yorğun olsam da, həm dərslərimi hazırlayıram, həm də məşqlərimi davam etdirirəm. Bu günə gəlmək üçün çox çalışmışam. Gələcək üçün də böyük hədəflərim var.
– Hazırda ABL-də çıxış edən basketbolçulardan ən çox kimləri bəyənirsən? Bəs xarici basketbolçular arasında sevimlilərin kimlərdir?
– Azərbaycanda başqa komandalardan “Sabah”ın oyunçusu Gerri Bleyksi bəyənirəm. Yaxşı oyun göstərir. Öz komandamızdan isə NTD-nin basketbolçusu Məhəmməd Hüseynlini bəyənirəm. Dünya basketbolunda Luka Donçiç mənim sevimlilərimdəndir. Bütün dövrlərin oyunçuları arasında isə serbiyalı Miloş Teodosiçi sevirəm. O, çox yaxşı oyunçudur. Onun oyun tərzini öz oyunuma tətbiq etməyə çalışıram.
– Basketbola neçə yaşında başlamısan?
– Basketbola 10 yaşımda başlamışam. Evimizin yaxınlığında stadion və basketbol meydançası var idi. Əvvəllər orada əsasən futbol oynayırdım. Uşaqların basketbol oynadığını görəndə bu idmana marağım yarandı. Basketbolu yaxşı bilməsəm də, onlarla birlikdə oynamağa başladım. Daha sonra Tərxan müəllimin yanına getdim və onunla məşqlərə başladım.
– Basketbola 10 yaşında başlamısan. Bu, ölkədə basketbol liqalarının yenidən canlandığı dövrə təsadüf edir. Oyunlara gedəndə dəstəklədiyin komandalar var idi?
– İlk vaxtlar peşəkar məşq etmədiyim üçün oyunlara çox getmirdim. Həvəskar kimi həftədə üç dəfə məşq edirdim. Böyüdükcə və basketbolun içinə daha çox daxil olduqca bu idmana marağım artdı. Mən Sərhədçi İdman Kompleksində məşq etmişəm. Orada “Sərhədçi” basketbol komandasının məşqlərini və oyunlarını görürdüm. Böyük basketbolun necə olduğunu orada anladım və bu, mənə çox maraqlı gəlirdi. İlk dəfə NTD-nin oyununa baxmağa getmişdim. Həmin vaxt NTD “Neftçi” ilə qarşılaşmalı idi.
– İndiyədək hansı komandalarda çıxış etmisən?
– Bu mövsüm ABL-də ilk dəfə debüt etmişəm və komandam NTD-dir. Bundan əvvəl Uşaq-Gənclər Basketbol Liqasında UGİM komandasında çıxış etmişəm. Həmçinin Həvəskar Basketbol Liqasında “Qarabağ” komandasında oynamışam.
– “Qarabağ” demişkən, futbolla aran necədir?
– Əvvəllər futbolla aram yaxşı idi. Həm yaxşı oynayırdım, həm də futbola baxmağı sevirdim. İndi də futbol izləməyi xoşlayıram. Əvvəlki qədər yaxşı oynamasam da, bəzən yenə oynayıram.
– Deməli, basketboldan əvvəl futbolla maraqlanmısan?
– Bəli, uşaq vaxtı ilk olaraq futbolla maraqlanmışam.
– Futbolda hansı mövqedə oynayırdın?
– O vaxt mövqe mənim üçün o qədər də fərq etmirdi. Amma əsasən müdafiədə oynamağı sevirdim. Həmin vaxt boyum da uzun idi və bu, futbolda mənə kömək edirdi.
– Futbolda ən çox sevdiyin klub və oyunçu kimdir?
– Ən çox sevdiyim komanda “Qalatasaray”dır. Azərbaycanda isə, əlbəttə, “Qarabağ”ı dəstəkləyirəm. Sevdiyim futbolçuya gəlincə, çox oyunçu var. Onların arasından yalnız birini seçə bilmərəm.
– Heç futbolda davam etmədiyinə görə təəssüflənirsən?
– Əslində, yox. Bu gün yaşadığım sevincdən sonra bu, mənim üçün o qədər də fərq etmir. Amma böyük futbolda necə çıxış edə biləcəyimi yoxlamaq da istərdim. Bununla belə, basketbolla davam edirəm.
– Gələcək üçün hədəflərin və arzuların nələrdir?
– İlk hədəfim ABL-də çempion olmaqdır. Daha sonra Avropada, xarici klublarda və dünya səviyyəsində basketbol oynamaq istəyirəm. Azərbaycan millisində çıxış etmək də arzularımdan biridir












































