
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Renesans İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində 180 tələbə və müəllimin iştirakı ilə maarifləndirici təlim keçirilib.
Newscenter.az xəbər verir ki, görüş universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın giriş sözü ilə başlayıb. O, çıxışında gənclərin təhsildə və şəxsi inkişafda əldə edə biləcəkləri imkanlardan səmərəli istifadə etməsinin, ekoloji maarifləndirmə tədbirlərində fəal iştirakının və yeni biliklərə yiyələnməsinin əhəmiyyətini vurğulayıb. Gülsüm Fətəliyeva, tələbələrə öz bilik və bacarıqlarını inkişaf etdirmək, təşəbbüskar olmaq və cəmiyyətin inkişafına töhfə vermək istiqamətində tövsiyələr verib.

Tədbirdə Ganja International Hospital ın Oftalmoloji Mərkəzinin rəhbəri, oftalmoloq Uzm. Dr. Fuad Hidayətov “Ətraf mühit amillərinin göz sağlamlığına təsiri və görmə orqanlarının qorunması” mövzusunda çıxış edərək göz sağlamlığının qorunması və profilaktik müayinələrin əhəmiyyətindən danışıb.
Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müəllimi, layihənin əsas təlimçisi Vüsal Musayev isə “İqlim dəyişmələri, ətraf mühit və insan sağlamlığı: ekoloji risklər və dayanıqlı həyat tərzi” mövzusunda təlim keçib. Təlim zamanı iqlim dəyişmələrinin insan sağlamlığına təsiri, təbii resurslardan səmərəli istifadə, tullantıların azaldılması və gündəlik seçimlərin ətraf mühitə təsiri müzakirə olunub.

“Ekoloji Renesans” İctimai Birliyinin sədri Leyla Məmmədova gəncləri rəhbərlik etdiyi ictimai birliyin ekoloji könüllülük fəaliyyətinə qoşulmağa, öz ideya və təkliflərini onlarla bölüşməyə dəvət edib. Vurğulayıb ki, gənclərimiz yalnız təlimlərdə iştirak edən dinləyicilər deyil, təbiətin qorunmasında birbaşa iştirak edən, yeni təşəbbüslər irəli sürən və real dəyişikliklərə töhfə verən fəal tərəfdaşlarımız ola bilərlər:
"İstəyimiz gənclərlə birlikdə çalışmaq, onların ideyalarına dəstək vermək, bilik və bacarıqlarının inkişafına şərait yaratmaq, ekoloji təşəbbüslərimizi birgə həyata keçirməkdir. İnanıram ki, gənclərin enerjisi, yaradıcı düşüncəsi və fəallığı ilə daha çox faydalı işlər görə bilərik".
Süleyman











































