
"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji müttəfiqlik müstəvisinə yüksəldiyini nümayiş etdirir. Dövlət başçısının "müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri iki ölkənin gələcək əməkdaşlığının iqtisadi, təhlükəsizlik və humanitar layihələrlə möhkəmləndiriləcəyini göstərən mühüm mesajdır".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki,
son illərdə Azərbaycanın Mərkəzi Asiya siyasəti ardıcıl şəkildə genişlənir və Qırğızıstan bu siyasətdə xüsusi yer tutur:
"Çolpon-Atada əldə olunan razılaşmalar da təsdiqləyir ki, tərəflər münasibətləri uzunmüddətli strateji maraqlar üzərində qururlar. İmzalanan sənədlərin əhatə dairəsi iqtisadiyyat, investisiya, nəqliyyat, rəqəmsal inkişaf, təhsil, mədəniyyət və dövlət idarəçiliyi kimi müxtəlif istiqamətləri əhatə etməklə əməkdaşlığın sistemli xarakter aldığını göstərir.
Xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən ən mühüm qərarlardan biridir. Bu addım maliyyə resurslarının artırılması ilə yanaşı, həm də qarşılıqlı etimadın və uzunmüddətli investisiya planlarının göstəricisidir. Fond vasitəsilə həyata keçirilən layihələr istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və özəl sektor əməkdaşlığının inkişafına xidmət edəcək. İssık-Kul sahilində Azərbaycan investisiyası hesabına inşa olunan "Baku Resort & Spa" hoteli isə Azərbaycanın regionda iqtisadi tərəfdaş kimi artan rolunun simvoluna çevrilir. Bu layihə iqtisadi əməkdaşlığın real nəticələrinin nümayişi olmaqla yanaşı, Azərbaycan kapitalının Mərkəzi Asiyada etibarlı investisiya mənbəyi kimi qəbul edildiyini də göstərir".
Politoloq qeyd edib ki, səfərin mühüm nəticələrindən biri də humanitar diplomatiyanın daha da gücləndirilməsidir:
"Ağdamda "Manas" məktəbinin açılması, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili və dostluq parklarının salınması iki xalq arasında münasibətlərin siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, ortaq tarixi və mədəni irs üzərində qurulduğunu nümayiş etdirir. Bu layihələr Türk dünyasında mənəvi inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin birinci dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə "Heydər Əliyev" ordeni ilə təltif olunması isə dövlətlərarası münasibətlərdə yüksək qarşılıqlı etimadın və siyasi hörmətin ifadəsidir. Eyni zamanda, Çolpon-Ata Bəyannaməsinin qəbulu və Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qismində qoşulması ölkəmizin Mərkəzi Asiyada artan siyasi nüfuzunu və regional əməkdaşlıq platformalarında rolunun genişləndiyini təsdiqləyir.
Ümumiyyətlə isə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində səsləndirilən mesajlar göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Türk dünyasında inteqrasiyanın əsas dayaqlarından birinə çevrilir. Siyasi etimad, iqtisadi layihələr, qarşılıqlı investisiyalar və humanitar təşəbbüslər bu strateji tərəfdaşlığın uzunmüddətli və davamlı inkişaf perspektivinə malik olduğunu göstərir. Bu proses həm iki ölkənin milli maraqlarına, həm də Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir".
Süleyman










































