Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Dili və Əlifbası Milli - Mənəvi zəngin irsimizin xəzinəsidir

Azərbaycan Dili və Əlifbası  Milli - Mənəvi  zəngin irsimizin xəzinəsidir


Dil xalqın keçmişini bu günü ilə, bu gününü isə gələcəyi ilə birləşdirən mənəvi körpüdür. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli-mədəni irsini, adət-ənənələrini və dövlətçilik düşüncəsini qoruyaraq bu günümüzə qədər gətirib çatdırmışdır. Məhz buna görə 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə təkcə əlamətdar tarix deyil, həm də milli kimliyimizə və mənəvi dəyərlərimizə ehtiramın ifadəsi kimi qeyd olunur.Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən mühüm qərarlar nəticəsində ana dilimizin hüquqi statusu daha da möhkəmlənmiş, latın qrafikalı əlifbaya keçid təmin edilmiş və Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində tətbiqi genişlənmişdir. Bu addımlar milli dövlətçilik ideologiyasının mühüm tərkib hissəsinə çevrilərək xalqımızın mənəvi birliyini daha da gücləndirmişdir.
Bu gün Prezident İlham Əliyev tərəfindən ana dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Azərbaycan dilinin saflığının qorunması, informasiya məkanında düzgün istifadəsinin təşviqi, gənc nəslin ana dilinə bağlı ruhda yetişdirilməsi və dilimizin beynəlxalq nüfuzunun artırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu yanaşma göstərir ki, ana dilinə qayğı yalnız mədəni məsələ deyil, eyni zamanda milli təhlükəsizlik, milli birlik və dövlətçilik baxımından strateji əhəmiyyət daşıyan bir məsələdir.Qloballaşmanın sürətləndiyi müasir dünyada milli dillərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Xarici dillərin öyrənilməsi zəruri olsa da, ana dilinin zənginliyini qorumaq, onu gündəlik həyatımızda düzgün işlətmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinin və mənəvi bütövlüyünün əsas dayaqlarından biri olaraq bundan sonra da inkişaf edəcək, milli birliyimizin və dövlətçilik ənənələrimizin yaşamasına xidmət göstərəcəkdir.

Fariz İmamverdiyev
YAP Yevlax rayon təşilatının fəalı.
Xəbəri paylaş