Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yeni siyasi modeli

Azərbaycanın yeni siyasi modeli

Dəfələrlə qeyd etmişəm, müxalifət dövlətin siyasi dayaqlarını möhkəmləndirmə vəzifəsini daşıyan bir sistem olmalıdır. Azərbaycanı Zəfər ölkəsinə çevirmək üçün yeni siyasi sistemə daxil olmaqla, ölkəmizin müasir şəraitinin tələblərinə uyğun gələn siyasi modelə ehtiyacı var idi və İlham Əliyev həmin modeli yaratdı. Humanizm prinsiplərinə söykənən konstruktiv dialoq mühiti yaratmaqla siyasi sabitlik və davamlı inkişaf prioritet olaraq qəbul olundu. Müasir dövrdə bəlli oldu ki, sabitlik yalnız rəqabətlə deyil, həm də əməkdaşlıq, qarşılıqlı hörmət mədəniyyəti ilə möhkəmlənə bilir. Bu baxımdan, humanizm prinsiplərinə əsaslanan konstruktiv dialoqa təşviq edən yeni siyasi modelimiz iqtidar, müxalifət və xalq arasında yeni mərhələnin yaranmasını nəzərdə tuturdu. Beləliklə, biz bu sistemi yaratdıq. Və bu siyasi modelin əsas ideyası siyasi qüvvələrin bir-birinə düşmən deyil, fərqli baxışlara malik tərəfdaş kimi qəbul olunmasıdır. Təbii ki, iqtidar bu prosesdə ciddi məsuliyyət daşıyır, çünki dövlətin inkişaf strategiyasına və idarə edilməsinə cavabdehdir. O məsuliyyətin arxasında dövlət və dövlətçilik durur. Müxalifət isə sağlam alternativ ideyalar ilə siyasi sistemi möhkəmləndirə, ölkənin siyasi dayaqlarını gücləndirən təklif və ideyalara töhfə verməlidir.
Yaranan siyasi sistemin ayrılmaz hissəsi olaraq dövlətə və dövlətçiliyimizə xidmət göstərməliyik. Bu siyasi modeli qururuq. Xalqımız bu münasibətlərin mərkəzində dayanaraq hadisələri izlədi, nəzarət etdi, tərəqqini və tənəzzülü müdafiə edənləri aşkarladı, tərəqqiyə, humanizmə, konstruktiv mövqeyə və müdrikliyə müdrikcəsinə etimad göstərdi. Bu siyasi prosesin mahiyyətini, fəlsəfəsini dərk edənlər həmin yeni modelə daxil oldu, dəstəklədi və ölkədə siyasi etimadı, ictimai modeli gücləndirdi. Dövlət idarəçiliyində şəffaf və səmərəli qərarların qəbul olunması, müxtəlif siyasi baxışları dinc və hüquqi müstəvidə həll etməklə milli maraqlar ətrafında daha geniş siyasi konsensusun formalaşdırılması, daxili sabitliyin və uzunmüddətli inkişaf üçün yaradılan mühitin möhkəmləndirilməsi ilə fundamental konseptual model konsepsiyası ərsəyə gəldi. Bu, Azərbaycan modelidir. Bunun arxasında milli-mənəvi dəyərlər, keçmişi unutmadan gələcəyə böyük işıq saçan milli ideologiya ortaya qoyuldu.
Bütün bunlar cəmiyyətin inkişafı naminə, xalqımızın rifahı naminə, dövlətimizin qüruru naminə həyata keçirildi. Fərqli baxışlar hamının qəbul etdiyi dövlətçiliyə xidmət yolunda uzlaşdı. Ölkədə hüquqi və siyasi sistem fərqli baxışları dövlətin və cəmiyyətin ortaq məqsədlərinə xidmətə hədəfləyən yeni bir sistem nəzəriyyəsinə nail oldu. Təəssüflər olsun ki, bu prosesdə öz düşmənçiliyini davam etdirən satqın tiplər və yeni modelə müxtəlif variantlardan istifadə edərək özünü daxil edən, lakin ayaqaltı qazanlar, vaxtilə öz "siyasi müəllimləri" tərəfindən üfürülüb şişirdilən, əslində isə çox kiçik və cılız olanlar da var.
Amma artıq siz tanınırsınız, görünürsünüz. Çox kiçik və cılız olduğunuz xalqa bəllidir. Onlarla xalq məşğul olur, olacaq da. Dövlətimizin, bu vətənin, şanlı Azərbaycanın xidmətində durmaq ən şərəfli bir peşədir. O peşənin yeni akademiyasını yaradan möhtərəm Prezidentə təşəkkürlər. Bu, heç də asan başa gəlməyib, çoxlu əziyyət hesabına başa gəlib. Bu akademiya hamının üzünə açıqdır. Amma ora daxil olmaqla deyil, orada Vətən və dövlət üçün yazılan siyasi kitablara, nəzəriyyələrə yiyələnmək, onlara töhfə vermək lazımdır.
O siyasi nəzəriyyələri təcrübəyə çevirən, həmin akademiyada böyük əziyyət və fədakarlıq göstərən bütün şəxslərə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışan hər kəsə, hüququn aliliyini təmin edən, qanunun keşiyində qətiyyətlə dayanan, satqın və xəyanətkarları layiqli cəzaya məhkum edən hüquq-mühafizə orqanlarına, bu yolda zəhməti olan bütün dövlət qulluqçularına, təhlükəsizlik və asayişin qorunması üçün gecə-gündüz xidmət göstərən əməkdaşlara, ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətə görə möhtərəm Prezident cənab İlham Əliyevə səmimi təşəkkürlər.
Hər şey Vətən, hər şey Azərbaycan üçün!

Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş