
Qırğızıstan Respublikasında keçirilən IV Beynəlxalq Mediasiya Yay Məktəbi çərçivəsində Azərbaycan gecəsi təşkil olunub.
Newscenter.az xəbər verir ki, Azərbaycanın milli-mədəni dəyərlərinin və zəngin mədəni irsinin təbliği məqsədilə keçirilən gecədə Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan gecəsi çərçivəsində iştirakçılara ölkəmizin milli-mədəni irsini, adət-ənənələrini və folklorunu əks etdirən müxtəlif təqdimatlar nümayiş etdirilib. Gecə boyunca milli musiqilər səsləndirilib, milli rəqslər ifa olunub, iştirakçılar Azərbaycan mədəniyyətinin rəngarəngliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirin maraqlı hissələrindən biri Azərbaycanla bağlı təşkil olunan viktorina olub. Müxtəlif ölkələrdən olan iştirakçılar viktorinada fəal iştirak edərək Azərbaycanın tarixi, mədəniyyəti, milli adət-ənənələri və görkəmli şəxsiyyətləri ilə bağlı sualları cavablandırıblar.
Azərbaycan gecəsi çərçivəsində qonaqlara Azərbaycan Respublikası Mediasiya Şurasının adından xüsusi hədiyyələr təqdim olunub. Həmçinin üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidentinin portretlərinin əks olunduğu nəfis xalçalar Qırğızıstan Mediatorlar Palatasına və Qırğızıstan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilib.
Süleyman












































