
Yaxud, müştəriləri aldatmaqla qazanılan milyonlar
Azərbaycanda istər estetik əməliyyatlar, istərsə də qadınlarla bağlı digər proseduralar, saç əkimi, müalicəsi, saş qaynağı, həmçinin kiprik, qaş qoyulması və bu kimi proseslərin həyata keçirilməsi zamanı o qədər pozuntulara, insan sağlamlığına zərərli olan hallara rast gəlinir ki, haqlı olaraq qeyd edilən istiqamətlərə ciddi nəzarətin tətbiq edilməsi tələb olunur. Artıq bu sosial sifariş səviyyəsinə çatıb. Demək olar ki, hər gün yuxarıda qeyd etdiyimiz hallarla bağlı sosial şəbəkələrdə, internet resurslarında vətəndaş şikayətlərinə rast gəlirik. Bu sahədə mövcud olan intizamsızlıq, nəzarətsizlik təkcə yerli deyil, hətta xarici “mütəxəssislər”in də ölkəmizə gəlib burada asan yolla gəlir əldə etmələrinə imkan yaradır. Həm asan yolla gəlir əldə edirlər, həm də həyata keçirdikləri bu və ya digər prosedurlarla nəinki vətəndaşımıza fayda verir, əksinə onun səhhətində ciddi fəsadlara yol açırlar. Necə ki, əslən Qazaxıstandan olan Aray İlyasova kimi.
Redaksiyamıza daxil olan şikayətdə vətəndaş Aray İlyasovanın səriştəsizliyi, yalançılığı və sağlamlığa vurduğu ziyandan şikayətlənir. Belə ki, Qazaxıstandan mütəxəssis adı altında Azərbaycana gəlib buradakı gözəllik salonlarından birində özünə iş quran Aray şirnikləndirici vədlərlə bir neçə adamı öz toruna sala bilir. Daha ucuz qiymətə daha keyfiyyətli kiprik qoymaq adı ilə xanımları özünə cəlb edən Aray, ilk prosedurdan sonra yoxa çıxır, günlərlə nə çalışdığı salona gəlir, nə də telefonlara cavab verir. Çünki Aray ilk prosedur zamanı müştərisinə növbəti 2 həftədən sonra gələndə pulsuz xidmət göstəriləcəyi vədi verir. Məhz müştəriyə vəd etdiyi pulsuz xidməti göstərməmək üçün Aray həmin 2 həftə müddətində gözəgörünməz olur. Vətəndaşı aldadaraq onun etibarından sui-istifadə edir. Bu azmış kimi qazaxıstanlı “mütəxəssis”in yüksək keyfiyyətli adı ilə qoyduğu kipriklər qısa müddətdə tökülməyə başlayır. Həm də göz qapağında ciddi ağrılara səbəb olur.
Aray İlyasovanın insanların etibarından sui-istifadə etməsi, müştərilərinə yalan vədlər verməsi bununla bitmir. Araşdırmalar zamanı məlum olub ki, qazaxıstanlı xanım ölkəmizdə özünə bisnes qurmaq, həmin prosesə vətəndaşları, xanımları cəlb etmək üçün Azərbaycanın kifayət qədər yüksək ranqlı qurumları və şəxslərinin adından da istifadə edib. Aray İlyasova müştərilərində belə bir fikir formalaşdırıb ki, guya onu Qazaxıstandan Azərbaycana xüsusi dəvət ilə çağırıblar. Qazaxıstanlı xanım iddia edib ki, Azərbaycanın kifayət qədər nüfuzlu bir qurumu hətta Araya burada təşkil edilən təlimlərdə iştirak etmək və Azərbaycanda biznes qurmaq üçün 100 min manat vəsait də verib. Həmin vəsait qarşılığında isə Aray guya təlimin şərtlərinə uyğun olaraq 3 il heç bir əmək haqqı almadan xidmət göstərib. Aray eyni zamanda tez-tez müştərilərinə belə bir mesaj ötürüb ki, guya onun arxasında yüksək rütbəli rəsmilər dayanıb. Araşdırmalar zamanı isə məlum olub ki, əslində Aray İlyasova bu yalanı gördüyü keyfiyyətsiz işdən vətəndaşların şikayət etməməsi, onun yuxarılara bağlı olduğunu nəzər alaraq susmaları üçün planlı şəkildə düşünüb.
Reallıq isə ondan ibarətdir ki, qazaxıstanlı Aray İlyasova Azərbaycana nə hansısa dövlət və ya özəl qurumun dəvəti, nə də külli miqdarda müqavilə əsasında gəlib. Arayı Azərbaycana gətirən qüvvə Qazaxıstanda olarkən bir azərbaycanlı bəyə dəlicəsinə aşiq olması olub. Qazaxıstanın Qaraqanda şəhərində kiprik uzatma ustası, vizajist kimi tanınan Aray bu ölkəyə iş dalınca gedən azərbaycanlı bəylə tanış olur. Bir müddət azərbaycanlı oğlanla Qazaxıstanda yaşayan Aray, 2017-ci ildə nəzərdə tutduğu planları reallaşdırmaq üçün onunla bilrikdə Azərbaycana gəlir. Beləcə, Arayın üzünə Günəş doğur və insanların etibarından sui-istifadə edərək başlayır onlara yalan vədlər verməklə aldatmağa. Nəticə etibarilə, Aray qardaş-bacı dediyi, mehriban, qonaqpərvər adlandırdığı azərbaycanlıları aldatmaq, keyfiyyətsiz iş görüb asan qazanc əldə etməklə Bakıda bir neçə mənzilə sahib olur. Azərbaycanda özünə tam yer etdikdən sonra Aray, azərbaycanlı sevgilisi ilə də vidalaşmaq qərarına gəlir. Bu fakt da bir daha qazaxıstanlı xanımın nə dərəcədə təhlükəli və hiyləgər olduğunu təsdiqləyir.
Aray İlyasovanın etibardan sui-istifadə etməsi, gördüyü işin keyfiyyətsizliyindən şikayətlənən insanlar əmindirlər ki, müvafiq qurumlar qazaxıstanlı xanım barədə araşdırma aparıb ən azı onun hansı dövlət qurumlarının adından istifadə etdiyini müəyyənləşdirəcək və bu mənfi tendensiyanın qarşısını alacaqlar. Bu da nəticə etibarilə Aray kimi ölkəmizə asan qazanc dalınca gəlmiş digər əcnəbilər üçün də dərs olacaq. Arayın Azərbaycan barədə verdiyi müsahobələrindən birində dediyi kimi, azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Ancaq bir şərtlə ki, heç kim bu insani münasibətlərdən sui-istifadə etməsin.
Arzu












































