
Ukraynanın daxili işlər naziri İvan Vıqovski ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov arasında telefon danışığı olub.
Newscenter.az Ukraynanın Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu barədə İvan Vıqovski rəsmi Telegram kanalında məlumat verib.
Telefon danışığı zamanı nazir Rusiyanın Ukraynanın mülki infrastrukturunu atəşə tutması barədə məlumat verib.
İvan Vıqovski bildirib ki, azərbaycanlı həmkarı ilə hüquq-mühafizə sektorundakı tərəfdaşlıq məsələləri müzakirə edilib:
"Əməkdaşlığın əsas sahələri mütəşəkkil və sərhədyanı cinayətkarlığa, kibertəhlükəsizliyə qarşı mübarizə, praktiki qarşılıqlı əlaqənin gücləndirilməsidir".
Nazirin sözlərinə görə, söhbət zamanı birgə humanitar təşəbbüslərə, xüsusən də DİN əməkdaşlarının ailələrinə səhiyyə, reabilitasiya və sosial dəstək sahəsində xüsusi diqqət yetirilib.
“Təkcə son bir ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iki qrup lisey şagirdini qəbul edib. Uşaqlar ölkənin mədəniyyəti və tarixi ilə tanış olmaq, dünyagörüşlərini genişləndirmək imkanı əldə ediblər. Həmçinin, son illərdə bölmələrimiz Azərbaycandan humanitar minatəmizləmə üçün avadanlıq və elektrik kəsintiləri zamanı fasiləsiz işi təmin edən avadanlıq alıblar. Ukraynaya verdiyi dəstəyə və Daxili İşlər Nazirliyi sisteminə göstərdiyi köməyə görə Azərbaycan Respublikası hökumətinə minnətdarıq. Tərəfdaşlığımızı gücləndirmək barədə razılığa gəldik”, - deyə İvan Vıqovski bildirib.
Süleyman











































