
Milli Məclisin deputatı Azər Badamov Qusarın Əcəxur kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə kənd sakinləri fəal iştirak edərək onları narahat edən məsələləri diqqətə çatdırıblar, eyni zamanda kəndin inkişafı və sosial şəraitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə məlumat verilib ki, son illərdə rayonun digər kəndlərində olduğu kimi, Əcəxur kəndində də bir sıra mühüm sosial layihələr həyata keçirilib, kəndin infrastrukturu yenilənib, sakinlərin sosial-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Keçirilən qəbul və görüşlər zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər aidiyyəti qurumların diqqətinə çatdırılaraq zaman-zaman öz həllini tapıb.

Millət vəkili bildirib ki, budəfəki səyyar qəbul zamanı isə sakinlər tərəfindən yağış sularının təsiri nəticəsində asfalt yollarda yaranmış dağılmış hissələrin bərpası, şəxsi mülkiyyətdə olan torpaq sahələrində əkib-becərdikləri ağacların kəsilməsi ilə bağlı məsələlərin araşdırılması, pay torpaqlarının xəritələrinin elektronlaşdırılmasından sonra yaranmış uyğunsuzluqların və torpaq sahələrinin sərhədlərində baş vermiş sürüşmələrin dəqiqləşdirilməsi və digər məsələlər gündəmə gətirilib:
"Sakinlərin qaldırdıqları hər bir məsələ diqqətlə dinlənildi və onların həlli istiqamətində müvafiq addımların atılacağı bildirildi. Seçicilərimizlə keçirdiyim görüşlər zamanı səsləndirilən müraciətlər Milli Məclisin payız sessiyasında da gündəmə gətiriləcək və onların həlli üçün aidiyyəti qurumlarla birlikdə mümkün səylər göstəriləcək.

Ümumilikdə, görüş çox səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutdu. Sakinlərin fəallığı, kəndin problemlərinə və inkişafına göstərdikləri diqqət təqdirəlayiqdir.
Əcəxur kəndinin sakinlərinə səyyar qəbulda fəal iştirak etdiklərinə, qaldırılan məsələlərə münasibətdə göstərdikləri diqqət və səmimi ünsiyyətə görə təşəkkürümü bildirirəm. İnanıram ki, qarşılıqlı əməkdaşlıq və birgə səylər nəticəsində kənd sakinlərini narahat edən məsələlərin həllinə nail olacağıq".
Süleyman












































