
“Ermənistanda baş verən son həbslər fonunda Rusiyanın narahatçılığı başadüşüləndir. Çünki bu həbslər Ermənistanda Rusiyanın siyasi dayaqlarının itirilməsi deməkdir. Ona görə də Kreml Ermənistanda iqtisadi dayaqları ilə paralel olaraq siyasi dayaqlarının da itirilməsi ilə barışmaq istəmir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlaması, eləcə də Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı bunun sübutudur:
“Rusiya gözəl bilir ki, Ermənistanda onun bütün dayaqlarının sıradan çıxarılması Moskvanın ümumən Cənubi Qafqazdan getməsi deməkdir. Çünki bu gün Rusiya yalnız Ermənistan üzərindən Cənubi Qafqazda varlığını davam etdirir. Burada daha çox iqtisadi amillər üstünlük təşkil edir. Ermənistan birmənalı şəkildə Rusiya qazındann asılıdır. Həmçinin, Rusiya bazarı erməni məhsulları üçün əsas bazar hesab olunur. Ona görə də Rusiyanın iqtisadi sahədən Ermənistana təzyiq imkanları kifayət qədərdir”.
Politoloq deyib ki, Ermənistan Rusiyanın iqtisadi asılılığında yalnız Qərbin dəstəyi ilə xilas ola bilər:
“Düzdür, Qərb bunun üçün Ermənistana müəyyən qədər maliyyə ayırır. Ancaq İrəvanın Moskvanın asıllığından tamamilə xilas olması üçün indiki halda Qərbin maddi dəstəyi kifayət deyil. Digər tərəfdən Qərb, Avropa özü qaz təminatı baxımından çətinliklərlə üzləşir və Avropa Azərbaycan qazına möhtac qalıb. Ermənistan da yalnız Azərbaycan qazını almaqla özünü Rusiyanın asılılğından xilas edə bilər. Bunun üçünsə İrəvan Kosntitusiya dəyişikliyini tezləşdirib Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirməlidir. Yalnız bu halda Ermənistan Rusiyanın iqtisadi asılılığından özünü sığortalaya bilər”.
Süleyman












































