
“Azərbaycanın çoxvektorlu xarici siyasət kursu Bakını dünya birliyinin fəal üzvünə çevirib və ölkəmiz uğurlu xarici siyasəti ilə təkcə yerləşdiyi regionda deyil, eləcə də dünyada söz sahibinə çevrilib. Məhz bu amil üzv olub-olmamağımızdan asılı olmayaraq əksər beynəlxalq təşkilatların Azərbaycana olan marağını artırıb. Bu sırada Şanxay Əməkdaşlıq Təşkilatını da qeyd etmək yerinə düşər. Artıq bir neçə ildir ki, Azərbaycan bu təşkilatın tədbirlərinə ən yüksək səviyyədə qatılır və üzv ölkələrlə çox sıx əməkdaşlıq edir. Bu günlərdə Qırğızıstanın paytaxtı Bişkekdə ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitinə Azərbaycan Prezidentinin də dəvət olunması sözügedən təşkilatın Bakıya olan diqqətinin, bizimlə əməkdaşlığa göstərdiyi marağın göstəricisidir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, ŞƏT-lə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan üçün bir çox imkanlar yarada bilər:
“Azərbaycan təşkilata üzv ölkələrin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlıq edir, bir sıra regional və qlobal layihələrdə iştirakçıdır. Ancaq bu əməkdaşlığın ŞƏT çərçivəsində inkişaf etdirilməsi ölkəmiz üçün bir sıra istiqamətlərdə faydalı ola bilər. Bu sırada Orta Dəhlizin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Bildiyiniz kimi, ŞƏT ölkələrinin böyük hissəsi Çin və Mərkəzi Asiyada yerləşir. Azərbaycan isə Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindədir. Bakı bu platformadan istifadə etməklə yük axınlarının Azərbaycandan keçməsini, logistika infrastrukturu və tranzit xidmətlərinə investisiyaları artıra bilər. Azərbaycan rəsmiləri də ŞƏT çərçivəsində məhz bu iki nəqliyyat dəhlizini prioritet istiqamət kimi göstərirlər. Təşkilatla sıx əməkdaşlıq həmçinin, Çin, Hindistan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Pakistan və digər böyük bazarlara çıxış imkanlarını daha da artıra bilər və Bakıya əlavə fürsətlər qazandırar. Bu, həm də Azərbaycanın qeyri-neft ixracatçıları üçün yeni bazarlara çıxış, logistika və distribusiya imkanları deməkdir“.
Arzuman Muradlı qeyd edib ki, ŞƏT-lə əməkdaşlıq ölkəmizə xarici investisiyanın cəlb edilməsi baxımından da faydalıdır. Onun sözlərinə görə. ŞƏT-lə əməkdaşlıq Çin və Mərkəzi Asiyadan Azərbaycana yönəlik investisiyanın artmasını şərtləndirər.
Süleyman











































