
Energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edib.
Newscenter.az-ın xəbərinə görə, çıxışda bildirilib ki, COP29 Bakını qlobal iqlim diplomatiyasının mühüm mərkəzlərindən biri kimi təsdiqləyib, Bakı İqlim Fəaliyyəti Həftəsi isə bu irsin davamlılığını təmin edən mühüm platformadır.
Enerji böhranları, elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaratdığı sürətli tələb artımı fonunda enerji keçidinə balanslı yanaşmanın vacibliyi vurğulanıb. Qeyd edilib ki, qazıntı yanacağından tələsik uzaqlaşma özlüyündə uğurlu enerji keçidinə zəmanət vermir: “Əsas məsələ ekoloji çağırışlara cavab verə biləcək təmiz, təhlükəsiz və dayanıqlı enerji sistemini optimal templə qurmaqdır. Bu isə yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin, enerji saxlanc sistemlərinin, enerji səmərəliliyinin və interkonnektorların paralel inkişafını tələb edir.”
Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin də bu yanaşmaya əsaslandığı vurğulanıb. Hazırda 74 ölkənin “Qlobal Enerji Saxlanc Sistemləri və Şəbəkələr üzrə Öhdəliy”ə, 70 ölkənin “Hidrogen Bəyannaməsi”nə, 64 ölkənin isə “Yaşıl Enerji Öhdəliyi”nə qoşulduğu barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji baxışa uyğun olaraq ölkəmizdə enerji təhlükəsizliyi ilə “yaşıl keçid”in uzlaşdırıldığı qeyd edilib. Bildirilib ki, hazırda təxminən 8 QVt gücündə günəş və külək enerjisi layihələrinin icrası ilə paralel elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq edilir və yeni interkonnektorlar yaradılır. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir. Gələn ilin sonunadək təxminən 2 QVt günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası emissiyaların ildə 2,4 milyon ton azalmasına imkan verəcək.
Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, enerji və iqlim siyasətlərinin vahid yanaşma əsasında həyata keçirildiyi, Naxçıvanda isə “Yaşıl Enerji Zonası” konsepsiyasının reallaşdırılması istiqamətində ardıcıl addımlar atıldığı diqqətə çatdırılıb.
Yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin mümkünlüyünü təsdiqlədiyi bildirilib. Qeyd olunub ki, 2032-ci ildən bu dəhlizin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin yaradılması üzrə işlər aparılır.
Qardaş Türkiyənin ev sahibliyi edəcəyi COP31-ə toxunan nazir Azərbaycanın COP29-un irsini davam etdirərək enerji keçidinin konkret layihələr, regional bağlantılar və real emissiya azalmaları ilə irəlilədilməsinə töhfə verəcəyini bildirib.
Süleyman












































