Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 Oktyabr – Zəngilan Şəhəri Günü qəhrəmanlıq tariximizin şərəfli səhifəsidir

20 Oktyabr – Zəngilan Şəhəri Günü qəhrəmanlıq tariximizin şərəfli səhifəsidir


"Əsrlər boyu Cənubi Qafqazın strateji məkanlarından olan Zəngilan zəngin yeraltı sərvətləri, bərəkətli çay vadiləri və inkişaf etmiş aqrar-nəqliyyat infrastrukturu ilə daim mühüm iqtisadi mərkəz kimi seçilmişdir. XIX–XX əsrlərdə ərazinin süni inzibati bölgülərə məruz qalmasına baxmayaraq, bu qədim yurd Azərbaycanın ayrılmaz hissəsi kimi öz tarixi kimliyini qoruyub saxlamışdır. 1993-cü ilin payızında düşmən qüvvələrinə qarşı 67 günlük fədakar müqavimət göstərən zəngilanlılar məcburiyyət qarşısında Araz çayını keçərək respublikanın onlarla rayonunda müvəqqəti məskunlaşmışlar, 27 illik ağır qaçqınlıq dövrü yaşamışlar. İşğal illərində rayonun zəngin təbii ehtiyatları talan edilmiş, qədim məscidləri, qalaları, türbələri və nekropolları əhatə edən yüzlərlə tarixi-mədəni irs nümunəsi isə erməni vandalizminə məruz qalaraq dağıdılmışdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib. O bildirib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi bu tarixi ədalətsizliyə birdəfəlik son qoydu:

"Cəbrayıl cəbhəsində düşmənin müdafiə xətlərinin darmadağın edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində ildırımsürətli əməliyyatlarına yol açdı. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa tarixi müraciəti ilə Zəngilan şəhəri və ətraf yaşayış məntəqələrinin azad edilməsi müjdəsi verildi. Ümumilikdə şəhər, 4 qəsəbə və 49 kənd azad olundu, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik işğal altında qalmış hissəsi tam bərpa edilərək dərhal etibarlı mühafizə sisteminə alındı. Döyüşlərdə misilsiz fədakarlıq göstərmiş 6974 hərbi qulluqçu dövlət başçısının sərəncamı ilə təsis olunmuş “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi, 31 iyul 2023-cü il tarixli tarixi Sərəncamla isə 20 oktyabr təqvimimizə rəsmən Zəngilan Şəhəri Günü kimi həkk olundu".

Millət vəkili qeyd edib ki, bu gün Zəngilan müasir və ekoloji həyat tərzinin əsas simvoluna çevrilib:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2040-cı ilədək Baş plan əsasında şəhər ekoloji cəhətdən təmiz, müasir urbanizasiya standartları ilə yenidən qurulur. Şəhərdə istifadəyə verilmiş 104 mənzilli müasir yaşayış massivi, tikintisi davam edən çoxsaylı məhəllələr doğma yurduna qayıdan sakinləri qəbul edir. Statistik göstəricilərə əsasən, Zəngilan şəhərində 84 ailə, müasir kənd konsepsiyasının qlobal nümunəsi olan Ağalıda 234 ailə, Məmmədbəylidə isə 179 ailə artıq dayanıqlı məskunlaşmış, təhsil, səhiyyə, "ASAN", "DOST" və istehsal müəssisələrində layiqli iş yerləri ilə təmin olunmuşlar.

Bölgədə həyata keçirilən layihələr dünya miqyasında innovativ model kimi qiymətləndirilir. Ən müasir yaşayış məskənlərindən sayılan Ağalı kəndində tətbiq edilən "yaşıl" texnologiyalar bunun bariz nümunəsidir. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən işğal vaxtı təhqir olunmuş tarixi şəhər məscidinin konservasiyası aparılmış, onun yanında milli nəqqaşlıq, şəbəkə və kaşı sənətinin ən gözəl nümunələrini özündə birləşdirən yeni möhtəşəm ibadətgah ucaldılmışdır".

İmamverdi İsmayılov qeyd edib ki, iqtisadi və nəqliyyat baxımından Zəngilan Şərqi Zəngəzurun qlobal qovşağına çevrilməkdədir:

"ICAO və IATA standartlarına cavab verən, genişgövdəli ağır yük təyyarələrini qəbul edə bilən Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və illik 15 milyon ton yükdaşıma gücünə malik 126 kilometrlik sürətli avtomobil magistralı Zəngəzur dəhlizinin onurğa sütununu formalaşdırır. Rayondakı iqtisadi dirçəliş aqrar və turizm sahələrində də aydın nəzərə çarpır. Heyvandarlıq və ət emalı üzrə böyük müəssisə olan “Dost Aqropark” “Made in Karabakh” ixrac brendinin əsasını qoyur. Eyni zamanda Ağalıdakı otel, inşası davam edən irimiqyaslı İstirahət Kompleksi və təməli qoyulmuş “Zangilan City Park Hotel” rayonun gələcək turizm infrastrukturunun əsasını təşkil edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günədək intensiv davam edən tarixi səfərləri, təməlqoyma və açılış mərasimləri Zəngilana göstərilən ali dövlət diqqətinin bariz göstəricisidir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü həm qəhrəmanlıq tariximizin şərəfli səhifəsi, həm də xalqımızın öz əzəli torpaqlarında qurduğu müasir, firavan və sarsılmaz gələcəyin rəmzidir".

Süleyman
Xəbəri paylaş