
I Qarabağ müharibəsində Füzuli və Cəbrayıl rayonlarının işğalı Zəngilanın müdafiəsini ciddi şəkildə çətinləşdirmişdi. Zəngilan mühasirədə idi. Bir tərəfi Azərbaycanın işğal olunmuş əraziləri – düşmənlər, digər tərəfi Araz çayı – İran İslam Respublikası. Zəngilan 1993-cü il oktyabrın 29-da işğal edilmişdi, əhali Araz çayından İrana keçməyə məcbur olmuşdu. İşğal müddətində Ermənistan rayonun neçə-neçə tarixi abidəsini, ziyarətgahını, tarixi memarlıq abidəsini dağıtmışdı...
Azərbaycanın ədalətli müharibəsində – II Qarabağ müharibəsində təsdiqləndi ki, “zülmün (işğalçının – S.X.) topu varsa, gülləsi, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır” (T.Fikrət). İşğalçı dövlət olan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatlardan ciddi tələb, dünya dövlətlərindən ciddi qınaq olmadığına görə Ermənistan işğalı davam etdirir, regionda mövcud status-kvonu saxlamaq məqsədi ilə Azərbaycanın ərazilərinə yenə müxtəlif miqyaslı hücumlar edir, təxribatlar törədirdi; Azərbaycanın təklif etdiyi sülh danışıqlarından yayınan Ermənistanın işğalçılıq niyyəti regionda əmin-amanlığın bərpa olunmasına imkan vermirdi...
Ermənistan 2020-ci il sentyabrın 27-də də bu niyyətlə hücum etdi. Azərbaycan Ordusunun hissələri bu hücumun da qarşısını qətiyyətlə aldı, Ermənistanın hərbi birləşmələri döyüşdə irəliləyə bilmədi. Azərbaycan Ordusunun hissələri Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi...
Ermənistan işğalçı dövlət kimi işğal etdiyi ərazilərdə ciddi müdafiə sədləri yaratmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən bu dövlət yaratdığı müdafiə sədlərini yeniləyir, daha da möhkəmləndirirdi. Azərbaycan Ordusunun hissələri döyüşə-döyüşə bu ciddi müdafiə sədlərini dağıtdı, düşmən döyüşçülərimizin qarşısında maneə yaratmaq gücünü itirdi. Müharibənin ilk günü neçə-neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəklik işğaldan azad edildi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi və bu səbəbdən bu müharibə Vətən müharibəsi kimi tarixləşdi...
Azərbaycan Silahlı Qüvvələrinin hissələrinin qazandığı qələbələr döyüşçülərimizin Zəngilan rayonunun şərti sərhədinə çatmasına şərait yaratdı. Döyüşçülərimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Döyüşlərdə rayonun 4 qəsəbəsi, 49 kəndi azad edilmişdi.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanatı Azərbaycan qalib, Ermənistan məğlub dövlət kimi imzaladı...Azərbaycanın əraziləri işğaldan azad edildi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilana hər səfəri quruculuq işlərinin daha da intensivləşməsini təmin edir. Hazırda Zəngilanda dövlətimiz üçün prioritet olan quruculuq işləri böyük məsuliyyətlə davam etdirilir.
“Ağıllı kənd” formatında qurulan Ağalıda dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunması üçün zəruri infrastruktur yaradılıb...
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib, Zəngilan şəhərində 2026-cı ildə 104 mənzilli ilk yaşayış kompleksinin açılışı olub, nəqliyyat dəhlizləri üzərində yerləşən Zəngilanda bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini də qəbul etməyə qadir olan Beynəlxalq Hava Limanı inşa edilib, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların gəlməsində də, yüklərin daşınmasında da böyük əhəmiyyətə malik olacaq. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu böyük strateji əhəmiyyətə malikdir.
Zəngilan şəhərində XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılmış məscidi Heydər Əliyev Fondu bərpa etdirdi. 2024-cü il mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılıb. Üçmərtəbəli hotel Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi olan “Dost Aqropark” adlanan layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və fəaliyyətdədir. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası, Arximed turbini tipli Su Elektrik Stansiyası istifadədir, ...
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub...
Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi...
Zəngilana da qayıdış başlayıb. İndiyə kimi Zəngilan şəhərinə 84 ailə, kəndlərə 413 ailə köçüb. Bunlar Zəngilana Böyük qayıdışın başlanğıcıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü elan olunub...
İkinci Qarabağ müharibəsi də, Ordumuzun qazandığı tarixi Zəfər də tarixləşdi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də Zəfərlə başa çatacaq. Bunlar həmişə həm də şəhər günlərində böyük ehtiramla xatırlanacaq. Azərbaycan Ordusunun qüdrəti kimi!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı












































