“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə bir sıra vacib nüanslara diqqət çəkməklə yanaşı, eyni zamanda Azərbaycanın qarşıdakı illər üçün planları, atacağı addımlar və hədəflərini də bəyan etmiş oldu. Ümumiyyətlə, Cənab Prezidentin hər bir müsahibəsi təkcə vətəndaşlarımız üçün deyil, eləcə də region və dünya dövlətləri üçün xüsusi maraq kəsb edir. Dövlət başçısının müsahibələri bir növ tezis, proqram xarakteri daşıyır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov dövlət başçısının Dmitri Kiselyova müsahibəsini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, müsahibə zamanı dövlət başçısı həm Ermənistan, həm də ona havadarlıq edən beynəlxalq güclərə, ən əsası Fransa, Hindistan və Birləşmiş Ştatlara ismarıcları ilə xüsusi diqqət çəkib:
“Cənab Prezident Ermənistanın silahlanmasının region üçün təhlükə kəsb etdiyini bildirməklə yanaşı, eyni zamanda Azərbaycanın da buna qarşı lazımı adekvat addımlar atdığını diqqətə çatdırıb. Bu mənada dövlət başçısının gələn ilki hərbi büdcəmizin rekord hərbi büdcə olacağını xatirlatması təsadüfi deyil və bu həm Ermənistana, həm də onu silahlandıran güclərə xəbərdarlıq olmalıdır. Azərbaycan lideri açıq şəkildə xəbərdarlıq edib ki, Ermənistan İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Prezident “Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək“,-deyə ifadə etdiyi fikirlər regiona yeni fəlakət gətirmək istəyində olan Paris və Vaşinqton üçün mesaj sayılmalıdır”.
İlham Məmmədov deyib ki, dövlət başçısının sözügedən müsahibəsi həm də onun dünyaya bəyanı idi ki, bütün bunlar, Ermənistanın yenidən silahlandırılması və Azərbaycana qarşı revanşizmə yönləndirilməsində əsas məqsədlərdən biri də Azərbaycanı Ermənistan vasitəsilə təsir altında saxlamaq, rəsmi Bakının müstəqil siyasət kursuna mane olmaq, bu siyasətin qarşısını almaqdır:
“Ancaq Cənab Prezident həmişə olduğu kimi bu dəfə də açıq şəkildə bəyan etdi ki, Azərbaycanın müstəqil siyasət kursu davam edəcək və heç bir qüvvə bizim müstəqil siyasət kursumuza təsir göstərə bilməz”.
Süleyman